Slimfit
  1. MEDİA

Azyaşlı qızlara hicab taxmaq düzgündürmü? - "İslamda yoxdur" - mütəxəssis rəyi

Azyaşlı qızlara hicab taxmaq düzgündürmü? - "İslamda yoxdur" - mütəxəssis rəyi
Sakura

Azyaşlı qızlara hicab taxmaq düzgündürmü? - "İslamda yoxdur" - mütəxəssis rəyi

Son vaxtlar Azərbaycanda azyaşlı uşaqlara, hətta 3-4 yaşlı qızlara hicab taxılması kimi hallara çox rast gəlirik. Valideynlərin öz uşaqlarına hicab geyindirməsi düzgündürmü? Din bu barədə nə deyir?

Metbuat.az bu sualların cavabını tapmaq üçün mütəxəssislərə müraciət edib:

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bir çox valideynlər təriqətlərin təsirinə düşərək bu cür addımlar atırlar:

“Bu cür hadisələrin baş verməsinin səbəbi odur ki, bizim cəmiyyətdə mənəviyyatla bağlı məsələlərin lazımı qədər diqqət mərkəzində saxlaya bilməmişik. Niyə cəmiyyətdə bu məsələlər bu qədər artıqdır? Çünki eyni zamanda açıq-saçıqlıq artıb. Cəmiyyətdə eyni zamanda aşırı əxlaqa zidd davranış qaydaları artıb, azadlığı düzgün başa düşmədən kim necə istəyirsə, hərəkət edir. Ona görə də, bir qrup valideynlər bundan ehtiyat edərək, uşaqlarını bu əxlaq problemi olan cəmiyyətdən təcrid etmək üçün qızlarını hicaba keçirirlər. Ölkədə bir çox dini təriqətlər fəaliyyətdədir. Bizim ölkədə İslamla bağlı konkret, aydın platforma təəssüf ki, yoxdur. Ona görə də, o təriqətlər inkişaf edir, hərə özünü təbliğ edir və insanları, gənclərimizi öz təsirləri altına salırlar".

Sosioloq bu problemin həm də ölkədə təhsil sistemindəki boşluqlarla bağlı olduğunu deyib:

"Bu həm də onunla bağlıdır ki, ölkədə təhsil sistemi arzuolunan səviyyədə deyil. Əgər bizim təhsil sistemimiz arzu etdiyimiz şəkildə olsaydı, müəllimlərin valideynlərlə qarşılıqlı əlaqələri qurulsaydı, o zaman valideynlər də maariflənərdi, şagirdlər də. Azyaşlı qızların hicab taxması problem yaradır. Çünki qız o yaşında təhsillə bağlı düşünməlidir, təhsil almalıdır. Bununla bağlı kompleks işlərin görülməsinə ehtiyac var. Bir tərəfdən o valideynləri də anlamaq olar ki, onlar bu açıq-saçıqlığa görə bu yola əl atırlar. Digər tərəfdən biz elə etməliyik ki, cəmiyyətdə açıq-saçıqlıq bu qədər olmasın".

Əhməd Qəşəmoğlu həmçinin vurğulayıb ki, hicab əxlaq üçün meyar deyil:

“Məsələn, 60-cı illərdə heç hicab taxan yox idi, amma qadınlar indikindən qat-qat abırlı, bağlı geyinirdilər. Deməli mənəviyyat, əxlaq təkcə hicabla deyil. Hicabın altında da kifayət qədər əxlaqsız işlər baş verə bilir. Hicab vasitədir, bizə əsas məqsəd lazımdır. Məqsəd odur ki, daha mənəviyyatlı yeni nəsil yetişsin. Bu sahədə lazımlı işlər görülmədiyindən, həm hicablı qızlar çoxalır, həm də əxlaqsız, açıq-saçıq qızlar çoxalır, küçədə ərəblərin üstünə milçək kimi cuman qızlarımız da çoxalır. Bu böyük bir problemdir”.

Mövzu ilə bağlı saytımıza danışan jurnalist-sosioloq Lalə Mehralı deyib ki, körpə qız uşaqlarına hicab taxılması görmək istəmədiyimiz mənzərədir:

“Mən hətta yaxın günlərdə 3-4 yaşlı qız uşağına hicab taxıldığını gördüm. İçimdən çox gəldi ki, yaxınlaşım valideynindən səbəbini soruşum. Üzlərindəki qəzəb çəkindirdi məni bu addımdan. Çünki adətən elə insanlar öz fikirlərini izah etmək yerinə, qarşıdakına qan qusurlar, hədələyirlər. Aqressiv davranırlar. Biz öyrəşmişik qız uşaqlarının başında rəngli bantlar görək, öyrəşmişik uşaqlarımızı təhsilə yönəldək, yaşıdları ilə sərbəst oyun oyanamağa yönəldək. Amma o başı bağlı qızları görürəm, nə yaşıdları ilə oynamağa icazə verilmir valideynləri tərəfindən, nə də yaşıdları onları normal qəbul eləmir. Çünki azyaşlı uşaqlar özləri kimi olan yaşıdlarını qəbul edirlər. Əgər valideyn bir uşağı qara çadraya salıb, başını bağlayıb “Allah belə buyurub” fikri ilə öz yaşıdlarından təcrid edirsə 100% əminəm ki, onun dindən xəbəri yoxdur. İslam qadınlara baş bağlamağı məsləhət görür amma bu yetkinlik yaşına çatanda olmalıdır. Yetkinlik yaşına çatmayan birinə nəyisə zorakılıqla qəbul etdirmək onun hüquqlarını tapdalamaq deməkdir. Bu valideynin də haqqı deyil ki, zorla uşağının başını bağlasın”.

 

Tanınmış jurnalist-sosioloq həmçinin deyib ki, hicab həmçinin azyaşlı qızların səhhətində problem yaradır:

“Qız uşaqlarında həmişə baş dərisində problemlər olur və saç tökülməsindən şikayət edirlər. Bu hallar adətən hicablı uşaqlarda görünür. Çünki, baş dərisi lazımı qədər hava görmür. Bu da bəzən bitlənməyə də səbəb olur. Hicab geyinmiş azyaşlı qız o geyimlə rahat hərəkət edə bilmir heç. Yayın bu istisində uşağı bir mayka, şort ilə həyətə çıxaranda tərləyir hətta. Uşağı o qalınlığında hicaba salmaq ən azı vicdansızlıqdır. Sən hər hansı bir dinə inana bilərsən, inancın ola bilər. Amma uşağını məcbur edə bilməssən. Mən müsəlmanam, amma övladım gəlib 18 yaşına çatanda xristian olmaq istəsə, bunu ona qadağan edə bilmərəm, çünki o artıq fərddir. İstədiyi yolla getmək onun haqqıdır”.

 

Lalə Mehralı həmçinin bildirib ki, qızların məktəblərə hicabla getmələri məsələsində də islahata ehtiyac var:

“Son vaxtlar məktəblərdə görürəm ki, hicablı qızlar çoxalıb. Əvvəllər buna nisbi qadağalar var idi, indi hətta hicablı müəllimlər də var. Valideyn də tələb edir ki, əgər müəllim hicabda dərs keçirsə, onda mənim qızımda hicabla dərsə gələ bilər. Dəfələrlə şahidi olmuşam ki, hicablı qız məktəbə girəndə başını açır. Çünki valideyn məcbur edir. Çünki yaşıdlarından fərqli görünmək istəmir. Hicablı qızlara topuğa qədər olan xüsusi məktəbli forması tikdirirlər. Halbuki, bizim standart formamız kifayət qədər bağlıdır. Necə ki, mən qızımı məktəbə qısa şortda göndərə bilmirəm, o valideyn də o uzun formada göndərməməlidir. Uşaq o formanı daşıya da bilmir heç. 8 yaşında qızın ayağının dizdən aşağısının görünməsinin kimə nə problemi ola bilər? Onun kimi minlərlə şagird var o formada gəzən. Uşağa hicab taxmaqları bir yana, məktəbin qaydalarını pozurlar. Yaxşı olar ki, Təhsil Nazirliyi bu məsələyə baxsın. Valideynlər başa düşməlidir ki, bura təhsil ocağıdır, xurafat ocağı deyil”.

 

Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bunun dini cəhəttən heç bir əsası yoxdur:

“Bu barədə mən dəfələrlə demişəm. Bu gün valideynin uşağa hicab geyindirməklə onun uşaqlığını əlindən almağa ixtiyarı yoxdur. Belə bir şeyi heç bir zaman, heç bir şəkildə İslamla əlaqələndirib tətbiq etmək olmaz. Bu sadəcə valideynlərin özlərinin yanaşmasıdır. Təssüflər olsun ki, o yanaşmanı da uşaqlarına ötürürlər. Uşaqların hicab taxmasının dində heç bir əsası yoxdur”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR