“Azneft”: Hasilatın və gəlirliliyin artırılması istiqamətində işlər davam etdirilir
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report”a “Azneft” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, hazırda yataqların işlənməsi təkminləşdirilir, quyu fondları üzərində səmərliliyi yüksəldən işlər görülür, istismar üsulları optimallaşdırılır, effektiv geoloji-texniki tədbirlərin icrası həyata keçirilir.
"OPEC+ razılaşmasının icra olunduğu ötən dövrdə Birliyin qaz-kondensat yataqlarında qaz hasilatının artırılmasına nail olunub. İstehsalat Birliyinin balansında olan, zəngin karbohidrogen ehtiyatlarına malik “Bulla-dəniz” yatağındakı 89 saylı quyuda mart ayının əvvəlindən başlanan əsaslı təmir işləri uğurla sona çatdırılıb və bu günlərdə quyu yüksək hasilatla işə düşüb.
Qeyd edək ki, 2020-2021-ci illərdə “Bulla-dəniz” yatağında 91 saylı kəşfiyyat, 122 və 113 saylı istismar quyuları istismara verilib. Qeyd olunan 3 qazma və 1 təmir quyularından alınan nəticələr bir daha yatağın şimal-şərq qanadının kifayət qədər məhsuldar, perspektivli olmasını göstərir və yatağın növbəti mərhələdə işlənmə strategiyasının müəyyən edilməsinə, mövcud fond üzərində effektiv tədbirlərin davam etdirilməsinə, potensiallı horizont və sahələrə yeni quyuların qazılmasına zəmin yaradıb. Həmçinin yataqda Qırmıki altı lay dəstəsi perspektivli hesab edilir ki, axtarış quyusu vasitəsilə bu ehtimallar dəqiqləşdiriləcək. Növbəti illərdə ölkəmizdə istehlakçıların qaz tələbatının ödənilməsi sahəsində “Bulla-dəniz” yatağının işlənilməsi xüsusi yer tutur.
Hazırda “Azneft” İstehsalat Birliyi üzrə digər yataqlarında da işlənmənin səmərəliliyinin yüksəldilməsi istiqamətində işlər aparılır, yeni perspektiv sahələr tədqiq olunur. Əməliyyatların dayanıqlığının təmin olunması üçün 2021-ci ildən quruda yerləşən yataqlarda konservasiyada olan quyular qiymətləndirilib, geoloji potensialı, müvafiq olaraq hasilatı yüksək olanlar istismara daxil edilərək, quyu fondunun sağlamlaşdırılmasına nail olunub ki, bu da uzun illər NQÇİ-lərin rentabelli işləməsini təmin edəcək", - məlumatda deyilir.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov deyib ki, bu il xərclər azaldılmaqla quru yataqları üzrə quyu fondunun optimallaşdırması, istismar üsullarının təkminləşdirilməsi, effektiv geoloji-texniki tədbirlərin icrası həyata keçirilib: “Hasilatın və gəlirliliyin artırılması istiqamətində işlər davam etdirilir. Növbəti 5 il üçün də tədbirlər proqramı hazırlanıb ki, bu isə 2021-2025-ci illərdə ekoloji mühitin qorunması və təhlükəsizlik tələbləri qorunmaqla effektiv sürətdə neft-qaz hasilatının artırılması planını özündə əhatə edir. Uzun müddətli perspektivdə stabil və davamlı artan hasilatın təminatı üçün yeni neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı planları da bu proqramda öz əksini tapıb”.
Son illər dünya bazarında baş verən dəyişikliklər və rəqəmsallaşma neft-qaz sənayesində yeni texnika və texnologiyanın tətbiqini və proseslərin avtomatlaşdırılmasını sürətləndirib. Artıq bir çox sahələrdə insan tərəfindən idarə olunan işləri süni intellekt əvəz edir. Rəqəmsallaşma müəssisədə işçilərin sayına, vəzifə funksiyalarına və işin necə icra olunduğuna təsir göstərir. Texnologiyanın inkişafı özü ilə yeni vəzifələr yarada və ya müəyyən vəzifələri sıradan çıxara bilər. Bu baxımdan yeni texnika və texnologiyaların tətbiqi, proseslərin sürətlə avtomatlaşdırılması mütəxəssislərdən də dəyişən şərtlərə uyğun yeni səriştəliklərə sahib olmağı zəruri edir. Hər bir yeni texnika və texnologiyanın tətbiqi müvafiq avadanlıqlarla işləmək bacarığına sahib mütəxəssislərə tələbat yaradır.
Ş.Hüseynov bildirib ki, bu gün “Azneft” İstehsalat Birliyində istehsalat proseslərinin avtomatlaşdırılması nəticəsində həm istehsal, həm də qeyri-istehsal sahələrində bir çox əməliyyatlar proqram təminatları vasitəsi ilə icra edilir: "Bu proqram təminatlarından istifadə edə bilən mütəxəssislərin sayı azlıq təşkil edir. Məsələn, yataqların kəşfiyyatı və idarəedilməsi sahəsində Petro Mod, RMS, Techlog, Tempest və s. müasir proqram təminatlarından istifadə, yataqların modelləşdirməsi üzrə İT bilikləri yüksək olan geoloqlara ehtiyacı artırmaqdadır. Yaxın illərdə, artıq nəinki bu proqram təminatlarında işləməyi bacaran, hətta proqramlaşdırma dillərinə hakim olan mütəxəssislərin tələb olunacağını demək olar. Bundan əlavə risklərin qiymətləndirilməsi, geomexaniki modellərin qurulması sahəsində mütəxəssislərə ehtiyac var. O cümlədən istismar və nəql əməliyyatlarını müasir proqram paketlərindən istifadə etməklə effektiv sürətdə idarə edən mütəxəssislərin də sayı azlıq təşkil edir ki, bu istiqamətin də inkişaf etdirilməsi zəruridir. Eyni zamanda nəzərə alsaq ki, kargüzarlıq, kadr əməliyyatları, satınalmaların idarəolunması kimi tapşırıqların icrasını həyata keçirəcək proqram təminatlarından istifadə artmaqdadır, gələcəkdə bu proqram təminatlarının qurulmasında və texniki xidmətin həyata keçirilməsində gərəkli olan informasiya texnologiyaları üzrə mütəxəssislərə tələb artacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət