“Azərxalça” 2018-ci ili uğurlu nəticələrlə başa vurur
Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ili uğurla başa vurur.
Qurumdan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, bu il Cəmiyyətin daha 10 filialı üçün binalar tikilib. Həmin filiallardan Lənkərandakı xalça istehsalı emalatxanası dövlət başçısının iştirakı ilə artıq istifadəyə verilib. 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Bilsəvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binalarında son tamamlama işləri görülür. Həmin filialların hər birində 150 toxucu, 14 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək.
Ölkə rəhbərinin 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat vəsait ayrılıb. Bu emalatxana binasında artıq tikinti işlərinə başlanılıb.
2018-ci il ərzində “Azərxalça”nın fəaliyyət göstərən 11 filialında 1456 ədəd, 5049,23 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Tovuz rayonundakı xalça istehsalı emalatxanasıdır. Belə ki, 2018-ci ildə Tovuz filialında 685,14 kvadratrmetr xalça istehsal olunub.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça fabriklərini xammalla təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu Fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə 2019-cu ilin may ayından etibarən yun və boyaq bitkiləri toplanılacaq.
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. 2019-cu ildə də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni filialların yaradılması nəzərdə tutulub. Növbəti ilin sonuna qədər Cəmiyyətin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra “Azərxalça”nın emalatxanalarında 5000-dən çox insan çalışacaqdır.
Gələn il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2018-ci ildə artıq bu işin təməli qoyulub. Potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.
Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət