Slimfit
  1. İQTİSADİYYAT

“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib

“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
Sakura

“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib

Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanının icrası üzrə bank olmayan kredit təşkilatları (BOKT) və bağlanan bankların müştəriləri aprel ayının 22-dən “Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 4-cü iş günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb.

MMC-dən  bildirilib ki, son 3 günün statistikasına görə 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. BOKT və bağlanan bankların müştəriləri 3 gündə “Azərpoçt” MMC-dən 8 milyon 444 min 73 manat vəsaiti nağd formada əldə edib.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. “Azərpoçt” MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.

Qeyd edək ki, yalnız BOKT və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minədək vətəndaşa şamil olunacaq. 45 minədək vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minədək vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar “Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. “Azərpoçt”un rəsmi internet səhifəsində “azerpost.az”da “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Vətəndaş “Azərpoçt”un saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləği, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda, onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda “Millikart” MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan, yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. “Millikart” MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), “AccessBank”, “Bank Melli İran”, “Bank of Baku”, “ExpressBank”, “Gunay Bank”, “NaxçıvanBank”, “Unibank” bankları daxildir.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması “Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində “Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir. “Azərpoçt” tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçirilir.

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR