“Azəriqaz” Şəkidə yeni yaşayış massivini qazlaşdırır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Şəki şəhərinin "98-ci kvartal" adlanan yeni yaşayış massivinin qazlaşdırılmasını davam etdirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata görə, tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 9 min metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 128 evdə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Artıq görüləcək işlərin 70%-i yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq. Qeyd olunan yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət