“Azəriqaz”: Bu il 157,6 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.
Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə 2019-cu ilin yanvar-mart ayları ərzində 157,6 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 113,8 km qaz kəmərləri əsaslı təmir edilib, regionlar üzrə 18 qəsəbə kənd və yeni salınmış yaşayış massivində qazlaşdırma işlərinə başlanılıb, o cümlədən 655 fərdi evdən ibarət İsmayıllı rayonunun Qalacıq kəndində tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilməsi təmin edilib.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması və təbii qazdan səmərəli istifadə edilməsi istiqamətdə işlərin icrası davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət