Azərbaycanlı Ukrayna Baş prokurorunun müavini təyin edilib
Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.
Qeyd edək ki, Gündüz Məmmədov 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.
2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.
2016-ci ildə Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət