Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanın təqdim etdiyi tamaşa festivalın qalibi olub

Azərbaycanın təqdim etdiyi tamaşa festivalın qalibi olub
Sakura

Azərbaycanın təqdim etdiyi tamaşa festivalın qalibi olub

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Mükafatlandırma mərasimində tamaşada iştirak edən aktyorlar səhnəyə dəvət olunub, onlara Xalq artistləri Hacı İsmayılov və Ramiz Fətəliyev tərəfindən xüsusi diplom və pul mükafatı təqdim olunub.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

Qeyd edək ki, “Bir, iki – bizimki!” tamaşası martın 9-da festival çərçivəsində Akademik Milli Dram Teatrında nümayiş olunub. Sonra teatrşünaslardan, mədəniyyət yazarlarından ibarət ekspert qrupunun və tamaşanın yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib, səhnə əsəri son illərin ən uğurlu mədəniyyət faktlarından biri kimi dəyərləndirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda 9 gün ərzində ölkəmizin 7 müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR