“Azərbaycanın payız sovqatları” şəhərciyi Rusiya paytaxtı sakinlərinin sevimli istirahət guşəsi oldu
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada açılan “Azərbaycanın payız sovqatları” şəhərciyi Rusiya paytaxtı sakinlərinin və qonaqlarının sevimli istirahət guşəsinə çevrilib. Burada günün hər saatında barlı-bərəkətli Azərbaycan torpağının nemətlərini dadmağa, Azərbaycan incəsənəti ilə yaxından tanış olmağa gələn çoxsaylı ziyarətçiləri görmək olar.
AZƏRTAC-ın xəbər verdiyi kimi, oktyabrın 17-də Moskvanın Tver meydanında Heydər Əliyev Fondunun və ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycanın payız sovqatları” şəhərciyi açılıb. Bu gün işi başa çatacaq şəhərcikdə Azərbaycanın 20-ə yaxın müəssisəsinin məhsulları təqdim edilib. Moskvalıların özlərinin də dediyi kimi, sanki azərbaycanlılar paytaxta özləri ilə ətirli meyvə -tərəvəz, dadlı şirniyyat, ləziz təamlarla yanaşı, isti günlər də gətiriblər. Bu günlər Moskva illərdi görünməmiş hərarətli payız mövsümü yaşayır. Moskvanın mərkəzi Tver meydanında əsl Azərbaycan ab-havası hiss olunur.
Şəhərcikdə Azərbaycan xalq sənətləri emalatxanasında ustad dərsləri xüsusi maraq doğurur. Xalça rəssamı Zemfira İsmayılova Azərbaycanda xalçaçılıq sənətinin tarixindən və inkişafından, xana üzərində ilmələr atmağın sirlərindən danışır. Moskvalılara məlumat verilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Azərxalça” ASC-nin yaradılıb, qurumun bölgələrdə fəaliyyət göstərən 10 filialında yüksək texnologiyalardan istifadə olunmaqla zərif xalçalar toxunur, eyni zamanda yüzlərlə insan iş yerləri ilə təmin edilir.
Dilarə Baxşıyeva şüşə üzərinə naxışlar həkk edir. Onun armudu stəkanlara vurduğu milli ornamentlər adi şüşəni əsl sənət əsərinə çevirir. Dilarə Baxşıyeva naqqaşlığın bu növü ilə məşğul olan ilk sənətkarlardandır. Ancaq deyir ki, hazırda onun ardıcıllarının sayı xeyli artıb.
Şəhərciyin fəaliyyət göstərdiyi günlərdə moskvalılara misgərlik sənəti, digər milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçirilib.
Təbii ki, qutabları, dolma, düşbərə, manqal salatı və Azərbaycan mətbəxinin digər təamlarını dadmadan şəhərcikdən getmək mümkün deyil. Burada həm Moskva sakinlərinə, həm də xarici qonaqlara da rast gəlmək olur. Müxtəlif ölkələrdən Moskvaya gələn turistlər də Azərbaycan şəhərciyini ziyarət ediblər.
Ziyarətçilər Azərbaycanın mədəniyyət ənənələri və milli koloriti ilə zəngin bir aləmə düşdüklərindən böyük zövq aldıqlarını bildirib.
“I Love Baku” milli suvenir brendinin məhsulları, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri, fotosərgilər də Moskva sakinlərinə və Rusiya paytaxtının qonaqlarına ölkəmizin mədəniyyəti, tarixi, insanları, incəsənəti və milli mətbəximiz barədə ətraflı məlumat əldə etməkdə yardımçı olub.
Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri şəhərciyə gələnlərə milli rəqslərimizin incəliklərini öyrədib, Dövlət İnstrumental Ansamblının, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının çıxışları şəhərcikdə əsl bayram ovqatı yaradıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət