Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 1000-dək kimsəsiz və evsiz sakinə yemək paylayıb
ABŞ-ın Los-Anceles şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, aksiyada bu şəhərdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.
Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los-Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Tədbirdən öncə baş konsul Nəsimi Ağayev “Los-Anceles Missiyası”nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib və bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı bildirilib.Baş konsul N.Ağayev Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətlərindən danışaraq, onun Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini bildirib.Baş Konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los-Ancelesin xristiyan dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib.
Aksiya çərçivəsində gün ərzində Los-Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakininə yeməklər paylanılıb.
Qeyd olunmalıdır ki, 50 mindən çox kimsəsiz və evsiz-eşiksiz insanın yaşadığı Los-Anceles ABŞ-da bu göstəriciyə görə Nyu-Yorkdan sonra ikinci yeri tutur və bu problem şəhərin üzləşdiyi ən ciddi problemlərdəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət