“Azərbaycanın intellektual birincisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib
Oktyabrın 28-də Qubada Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanın intellektual birincisi” layihəsinin şimal bölgəsi üzrə qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq üçüncü mövsümdür keçirilən layihənin zona mərhələsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının intellektual gəncləri hər biri 18 nəfərlik komanda ilə çıxış ediblər.
Quba Gənclər Mərkəzində keçirilən təqdimat mərasimində bildirilib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. Qeyd edilib ki, bu gün gənclər üçün, onların bu kimi layihələrdə iştirakı üçün dövlət tərəfindən bütün şərait yaradılıb.
Bldirilib ki, layihə iki mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir.
Təqdimatdan sonra şimal bölgəsini əhatə edən 5 rayonun gənc intellektuallarının iştirakı ilə turnirə start verilib. Komandalar “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, "Axtar tap", "Vətəni Tanı" oyunları üzrə yarışıblar.
Maraqlı və həyəcanlı mübarizənin sonunda Şabrandan 2-i, Quba və Xaçmazdan isə hər birindən 1 komanda şimal zonası üzrə qalib seçilərək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gəncin iştirakı gözlənilir. Layihə çərçivəsində növbəti regional turnirlər Sumqayıt, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər mərkəzlərində keçiriləcək.
“Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət