Azərbaycanın avtomagistrallarına YPX maketləri düzülür
Azərbaycanın avtomobil yollarında sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketinin tətbiqinə başlanılıb.
Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, sosial şəbəkələrdə yayılmış fotolar Azərbaycanda çəkilib.
Qeyd edilib ki, uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzüləcək və hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmur. Maketi uzaqdan görən sürücülər qayda pozmaqdan çəkinəcəklər. Bu maketlərin yerləri mütəmadi olaraq dəyişdiriləcək. "Məqsəd yol qəzalarının sayını minimuma endirməkdir", - deyə, əlavə olunub.
YPX maketləri ilə bağlı gələn həftə rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, bu təcrübə dünyanın bir sıra ölkələrinin avtomagistrallarda tətbiq olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət