Azərbaycanın 35 rayonunda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb
Bu ilin I rübündə Azərbaycanın daha 5 rayonunda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ümumilikdə 35 rayonda uçot işləri başa çatıb. Başa çatan rayonlardan 26-da layihənin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatları keçirilib. Həmçinin 15 rayonunun məlumatları sistemə tam miqrasiya edilib və praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib.
Torpaqların elektron kadastr uçotu işləri zamanı kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri də müəyyənləşir. 2019-ci ilin ilk rübündə 40 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıbdır. Ümumilikdə isə 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.
Torpaqların keyfiyyət göstəriciləri laboratoriya vasitəsilə müəyyənləşir. Cari il ərzində 2,5 milyon ha ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunubdur.
Bununla yanaşı, bu günə qədər 455 bələdiyyə xəritəsi hazırlanaraq təsdiq edilməsi üçün həmin rayonların icra hakimiyyətlərinə təqdim olunub, bundan 308 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb və Milli Məclisə təqdim olunmaq üçün Prezident Administrasiyasına təhvil verilib, 6 bələdiyyə razılaşdırılaraq təsdiq olunub və şöbəyə təhvil verilib, 141 bələdiyyə isə müvafiq rayon–şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılma mərhələsindədir.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət