Slimfit
  1. MEDİA

Azərbaycanı Londonda təmsil edən tələbə: Qəbulda az bal yığmaq dünyanın sonu deyil

Azərbaycanı Londonda təmsil edən tələbə: Qəbulda az bal yığmaq dünyanın sonu deyil
Sakura

Azərbaycanı Londonda təmsil edən tələbə: Qəbulda az bal yığmaq dünyanın sonu deyil

 

Adil öz sözləri ilə desək, IT ixtisasında oxuyan, amma qrafik dizayner işləyən, natiqlik yarışmasının qalibidir. Dilləri öyrənməyə marağı olan, özünü idmanın bütün sahələrində sınayan, startap layihəsi ilə Respublika birincisi olan müsahibimizin 20 yaşı var.

O, ötən həftə Londonda keçirilən beynəlxalq natiqlik yarışında Azərbaycanı təmsil edib və fərqlənmə diplomu qazanıb.

Oxu.Az Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi Adil Qafarlı ilə müsahibəni təqdim edir:

- Startapla məşğul idiniz, bəs natiqlik müsabiqəsinə qoşulmağa necə qərar verdiniz?

- Sadəcə maraqlı gəldi və qatıldım. Mənə maraqlı gələn hər işlə məşğul oluram. Natiqlik fikrini demək istəyənlərin fikrini çatdırır. Uşaqlıqdan problem olanda, məsələn, bütün sinfin adından danışa bilən biri olmuşam.

Azərbaycanda mentorlar natiqlik haqda təlimlər verdilər, sonra yarışma keçirildi. Yarımfinal mərhələsinin cavabları növbəti həftə açıqlanacaqdı. İşim var idi, zəng edib gələ bilməyəcəyimi dedim. İşdə olanda hamı zəng edib məni təbrik etdi, finala keçdiyimi dedilər. Final günü də özümə inanmırdım, çıxışımı edib əyləşdim. Nəticələr sondan əvvələ doğru açıqlanananda son sıralarda olacağımı sanırdım. Üçlüyə düşəndə də heç olmasa üçüncü olacağımı düşündüm. Birinci olduğumu - “Azərbaycanın ən yaxşı natiqi” seçildiyimi eşidəndə çox sevindim.

Azərbaycanı Londonda beynəlxalq yarışda təmsil etdim, fərqlənmə diplomu aldım.

- Sizcə, Azərbaycanın ən yaxşı gənc natiqi seçilməyinizə nə səbəb oldu?

- Londona gələnlərin hamısının əlində yazılı nitq var idi, məndə yox. İnsanlar yazanda özlərini limitləyirlər, “orada nə yazmışdım?” deyə fikirləşirlər. Mən səhnəyə çıxanda nə yazmışdım yox, nə demək istəyirdim deyə fikirləşirəm. Çıxış etdiyim mövzuya yanaşma tərzim fərqli olduğu üçün mükafat qazandım deyə düşünürəm.

- Natiqlik bacarığınızı necə inkişaf etdirmisiniz? 

- Öz fikirlərimi deməkdən çəkinməməklə. İnsanlar başqalarının fikirlərini düşünürlər, sözü deməzdən əvvəl “görəsən nə deyərlər” fikirləşirlər. Ona görə deyilən sözlər öz sözləri yox, başqalarının eşitmək istədiyi sözlər olur.

Ola bilər ki, mənimlə razılaşmasınlar, amma bu, mənim fikrimdir.

- İngiliscə nə qədər bilsəniz də, natiqlik etməyin çətin tərəfləri var, yəqin, öhdəsindən necə gəldiniz?

- 10-cu sinfin sonlarından ingilis dilini filmlər, mahnılarla öyrənmişəm. O vaxt texnologiya inkişaf etməmişdi, sözləri tapa bilmirdim deyə, oxşadıb səsləndirirdim.

Natiqlikdə də çətinlik yaşamadım.

Az balla universitetə qəbul olmaq dünyanın sonu deyil

 - Universitetə qəbulda elə də yüksək bal yığmamısınız. Hazırda da universitetlərə qəbul ərəfəsidir. Abituriyentlərə nə demək istəyirsiniz?

- 341 bal yığmışdım, qrupda ən az bal toplayanlardan biri idim. Universitetdə müəllimlərin soruşduğu ilk sual o olur ki, “neçə bal toplamısınız?” Amma utanmırdım.

Desəm ki, imtahan balı əhəmiyyət kəsb etmir, yanlış demiş olaram. Az balla qəbul olsanız, narahatlığınızı yaşayın, məsuliyyətli olmamısınız ola bilər, amma dünyanın sonu deyil. Bal sizi təyin etmir, ola bilər ki, yaxşı bal yığıb yaxşı universitetə qəbul olasınız, amma bu, sizə işə qəbul olanda kömək etməyə bilər. Bal önəmlidir, amma rəqəm sizi təyin etmir, siz özünüz özünüzü təyin edirsiniz. Sevdiyiniz işlə məşğul olun. Axtarmaqdan çəkinməyin. Ömrünüzü axtararaq keçirməyin, amma vaxt ayırmaqdan qorxmayın. Axtarmasınız tapa bilmərsiniz.

Heç kim heç kimin nə yaşadığını bilmir. Mən özümü 20 yaşımda tapdım, elə biri ola bilər ki, özünü 25 yaşında tapsın.



- Hobbiləriniz nələrdir?

- Hobbilərim film izləmək, sahəmi öyrənməkdir. Qrafik dizaynerlik mənim üçün qaranlıq tuneldə işıqdır. 

Məni xilas edən elə rəssamlıq bacarığım oldu

- Sahənizi dəyişməyə nə səbəb oldu?

- IT-də oxusam da, riyaziyyatım yaxşı deyil, marağım olsa da, bu sahədə uğurlu ola biləcəyimi düşünmürəm, özümü bu sahədə görmürəm. Sahəmi dəyişdim, çünki uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. 3 yaşımda Rəssamlar İttifaqının binasında ən gənc rəssam olaraq rəsm sərgim olmuşdu. Böyüdükcə dərslərin əhəmiyyəti rəsmdən daha üstün sayıldığı üçün rəsm kənara düşdü. Amma məni xilas edən elə rəssamlıq bacarığım oldu. II kursda olanda gördüm ki, hər kəs işləyir, nə iləsə məşğuldur, düşündüm ki, belə olmaz. Təcrübə proqramına qoşuldum, qrafik dizaynerlik karyeram başladı.

İndi 5 nəfərdən 4-ü qrafik dizaynerdir, sahəmdə çox insan var. Fərqlənmək üçün hər gün yeni nəsə öyrənməyə çalışıram. Kaliforniya İncəsənət məktəbinin online olaraq qrafik dizayn peşəsi sertifikatını almışam. Yaşım çox olmasa da, niyə də bir sahədə yaxşı olmayım?

Amma yenə də, nə vaxt özümü emosianal boşluqda tapsam, rəsm çəkirəm.

Bu sahəyə gələn adam bu sahəyə niyə gəldiyini bilməlidir

- Gələcək planlarınız nələrdir?

- Qrafik dizayner kimi davam etmək, sahəmdə peşəkar olmaq istəyirəm. Hər gün yeni trendlər gələn sahədə işlədiyim üçün daim inkişaf etməyə çalışıram. Gələcək planlarımda mədəniyyətinə maraq göstərdiyim Yaponiyaya getmək var.

Bundan əlavə, qrup yoldaşlarımla TİAM - Texnoloji İnnovasiyaların Araşdırılması Mərkəzi qurumunu yaratmışıq.

Sahəmi seçməyim kor-koranə olub. IT deyəndə kompüterlə bağlı sahə olduğu düşünülür, bu fikri dəyişmək istədik. Bu sahəyə gələn adam bu sahəyə niyə gəldiyini bilsin. IT geniş sahədir, onu məktəblilərə tanıtmaq, öyrətmək istəyirik.



Rayon mərkəzlərinə də getmək istəyirik, orada vəziyyət gərgindir, sahə seçimində əziyyət çəkirlər. Ödənişsiz kurslar təşkil edirik, insanlar nəyisə öyrənmək istəyirlərsə, maddi problemləri onları saxlamasın. Saytımıza daxil olub qeydiyyatdan keçərək kurslara müraciət edə bilərlər.

Çox istərdim ki, bizim üçün də peşə tanıtımı edəydilər

İstəyirik ki, ölkə olaraq başqa ölkələrin mütəxəssislərindən asılı olmayaq, öz mütəxəssislərimiz olsun. Məktəblərdə VIII siniflərə seminarlar keçirməyə başlamışıq. 10-11-ci siniflərdə məktəblilər artıq kurslara gedirlər, hansısa sahəni seçmiş olurlar, əvvəldən tanıtmaq istəyirik ki, kiməsə maraqlı gəlsə, bu sahəni öyrənmək istəsə, bizə xoş olar. Çox istərdim ki, bizim üçün də bunu edəydilər. Azərbaycanda peşə tanıtımı yoxdur. Uşaqlar sahələrini I, II, III, IV qruplar olaraq seçirlər. “Kim olmaq istəyirsən?” soruşanda cavab tapmırlar.



Tanınan peşələr azdır: həkim, polis və s. IT sahəsini heç kim deyə bilmir, çünki tanımırlar. Valideynlər də bilmədikləri üçün araşdıra bilmirlər.

Komandalarımızdan biri isə dünyadakı yeni texnologiyaları öyrənib tələbələri məlumatlandırmaqla məşğuldur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR