Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yeni bahalaşma dalğası

Azərbaycanda yeni bahalaşma dalğası
Sakura

Nələrin qiyməti artacaq?

Ölkədə yeni bahalaşma dalğası başlayıb.

Bunu Statistika komitəsinin verdiyi məlumatlarda da görmək mümkündür. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb. Onu da əlavə edək ki, son 2 gündə qarpızın 1 kiloqramında 30-40 qəpik, yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata yüksəlib, hansı ki, əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi.

Qida Təhlükəsizliyi Agentliyi yarananda da ətin bahalaşacağı barədə məlumatlar verildi. Ət və ət məhsullarının bahalaşacağı ehtimalı hələ də qalmaqdadır.

Statistika Komitəsi, eləcə də əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində də bahalaşmanı qeyd edib.

Qeyd edək ki, iyul ayında "Azercell Telekom" MMC "Asan İmza" xidmətinin qiyməti artırıldı. "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan "Azercell" abunəçiləri (28.08.2017-ci ildən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN (ƏDV daxil) təyin edilib. Bundan əvvəl abunə haqqı 1 AZN idi.

Bir ayda ikinci bahalaşma xəbəri “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən verildi. Belə ki, qurum bu il iyulun 27-dən etibarən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərini orta hesabla, 10 faiz artıracağı barədə məlumat verdi. Bildirilir ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10 faiz artırılacaq.

Bahalaşma ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkə rəsmiləri inflyasiyanı düzgün hesablamır: “Ənənəvi olaraq mövsümi qiymət dəyişimi həmişə olub. Qiymət artımı avqust ayından başlayacaq, bu da inflyasiyanın artmasına təsir göstərəcək. Rəsmi məlumatlarda inflyasiyanın 3 faiz göstərilməsi müəyyən suallarla yanaşı, bəzi ehtimalları da gündəmə gətirir. Ötən il Azərbaycanda inflyasiyanın həddi çox yüksək oldu. Hətta ərzaq inflyasiyasının 17 faiz olduğu rəsmən etiraf edildi. Nəzərə alaq ki, 2017-ci ilin sonunda 3 faiz bahalaşma oldu. Bu il inflyasiya rəqəmlərinin aşağı göstərilməsi, ötən ilki kəskin bahalaşma ilə əlaqədardır. Yəni, bu, heç də o demək deyil ki, Azərbaycanda qiymət artımı səngiyib.

Ümumiyyətlə, ölkədə inflyasiyanın hesablanması ilə bağlı metodoloji problemlər var. Çünki Statistika Komitəsi inflyasiyanın hesablanması qaydalarına dəyişiklik etmir, köhnə metodla hesablayır. Dünyanın bir sıra ölkələrində inflyasiya dərəcəsinin qiymət səviyyəsi təqribən 800-1000 adda mal və xidmətlərə görə hesablanır, Azərbaycanda isə bu, heç 500 ada çatmır. Bəsit şəkildə aparılan inflyasiya hesablamaları rəqəmlərin aşağı olmasına təsir göstərir”.

“Avqust ayının sonundan başlayaraq məktəb ləvazimatlarında qiymət artımı olacaq”

Ümumi bahalaşmanın olması ehtimalına gəlincə, ekspert deyib ki, Azərbaycanda mövsümi qiymət dəyişiklikləri xarakterik hal alıb: “Hazırda kənd təsərrüfatı məhsulları boldur. Müəyyən dərəcədə inflyasiyada və qiymət artımında səngimələr müşahidə olunur. Hətta rəsmi statistik məlumata görə ötən ay 3 faizə yaxın defilyasiya qeydə alınıb. Yəni, bazarda qiymətlərin müəyyən bir zaman aralığında davamlı eniş göstərməsi vəziyyəti yaranıb. Yaxın gələcəkdə baş verə biləcək ehtimalları nəzərə alsaq, avqust ayının sonundan başlayaraq məktəb ləvazimatlarında qiymət artımı olacaq. Çünki ənənəvi olaraq həmişə bu baş verib. Daha sonra noyabrdan başlayaraq yerli kənd təsərrüfatı məhsullarının bazarlardan çəkilməsi, əsasən idxal mallarının bazarda daha çox yer tutması, qiymət artımına və inflyasiyanın yaranmasına səbəb olan amilə çevriləcək. Adətən, Yeni il qabağı qiymətlərdə ciddi artım müşahidə olunur. Analoji halın bu il də təkrarlanacağına şahid olacağıq”.

Ölkədə ət və ət məhsullarının bahalaşmasına gəlincə, analitik bildirdi ki, kənd təsərrüfatı ilə bağlı verilmiş səhv qərarlar maldarlıq rayonlarında iri və xırdabuynuzlu mal-qaranın sayında azalma ilə müşahidə olundu. Bu növ məhsulların bahalaşması özünü noyabrda göstərəcək: “Nə qədər qəribə səslənsə də, ətlə bağlı yaranan problemlər kənd təsərrüfatında verilən səhv qərarların nəticəsidir. Pambıqçılıqla bağlı verilmiş qərarlar ənənəvi maldarlıq rayonlarında iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasına gətirib çıxartdı. Maldarlıq rayonlarında pambıq əkini yem bazasının zəifləməsinə səbəb oldu.

Yemin qiymətinin artması mal-qaranın saxlanma xərclərini artırdı ki, bu da ətin qiymətini bahalaşdırdı. Bu tendensiya noyabr ayından sonra daha ciddi şəkildə görünəcək. Hələlik təbiətin verdiyi üstünlüklərdən istifadə edən mal-qara saxlayanlar, demək olar ki, yemə az vəsait xərcləyir. Amma noyabrdan sonra yemə daha çox vəsait xərcləməyə məcbur olacaqlar”.

“Taarif Şurası dizellə bağlı yeni qərar verəcək”

Natiq Cəfərlinin qənaətincə, bir sıra nəqliyyat növləri üzrə bahalaşmanın olacağı qaçılmazdır. Belə ki, daim metroda gediş haqlarının artacağı ilə bağlı xəbərdarlıqlar əslində ictimai rəyin hazırlanmasıdır. Dizeldə ola biləcək bahalanma gözləniləndir. Bu isə dizellə işləyən ictimai nəqliyyata da təsir göstərəcək: “Kommunal xidmətlərlə bağlı məsələlər dövlət tərəfindən tənzimləndiyi üçün Taarif Şurasının verdiyi qərarlardan asılı olacaq. Dəfələrlə metronun zərərlə işləməsi barədə məlumatlar rəhbərlik tərəfindən vurğulanıb. Ola bilər ki, bu, ictimai rəyin hazırlanmasına hesablanıb.

Bu il ərzində metroda gediş haqlarının artırılması məsələsi gündəmə gələ bilər. Əksər ictimai nəqliyyat növləri dizel yanacağı ilə işləyir. Bu il ərzində Taarif Şurasının dizellə bağlı yeni qərar verəcəyi gözlənilir. Çünki dizellə 92 markalı yanacağın arasında qiymət fərqi kifayət qədər böyükdür. 92 markalı yanacağın qiyməti artırılsa da, dizelin qiyməti stabil saxlanıldı. Bu da Azərbaycanda dizel istehsalının azalmasına səbəb olub. Rəsmi rəqəmlərə görə ötən ilə nisbətən təqribən 21 faiz dizel yanacağında azalma qeydə alınıb. Ola bilər ki, bu il kənd təsərrüfatı mövsümü bitdikdən sonra dizel yanacağı bahalaşsın. Bu olacağı təqdirdə, ictimai nəqliyyatda da qiymət artımının olma ehtimalı yüksəkdir”.

 
Mənbə: Azerinfo.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR