Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yaşayan güclü xalq: Onlar haradan gəlib?

Azərbaycanda yaşayan güclü xalq: Onlar haradan gəlib?
Sakura

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir

Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Azərbaycan yəhudiləri cuhuro (Dağ yəhudiləri), aşkenaz, gürcü kimi qruplara bölünür. Azərbaycan bir müddət krımçaklar (karayim yəhudiləri), kürd yəhudiləri, Buxara yəhudilərinə və İbrani köklü olmayan subbotnik və ger yəhudilərinə də ev sahibliyi edib. Hazırda Azərbaycandakı yəhudilərin sayı 1200 nəfərə yaxındır. Bunların böyük əksəriyyətini dağ yəhudiləri təşkil edir.

Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə dünyada Dağ yəhudilərinin sayına görə ən sıx məskunlaşdığı ərazidir.

1920-ci ildən bəri isə Şamaxı rayonunda demək olar ki, yəhudi ailəsi yoxdur.

Yəhudilərin yaşadığı yerlərdən biri də Göyçaydır. Yəhudilər Azərbaycana köç etdiyi dövrlərdən bəri Göyçayda yerləşsələr də, hazırda Göyçayda çox az yəhudi ailəsi qalmaqdadır.

Yəhudilərin say baxımdan çoxluq təşkil etdikləri yerlərdən biri də Oğuz rayonudur. Hətta Oğuzda “Cuhudlar məhəlləsi” deyilən bir qəsəbə var. Həmin ərazidə yəhudilərin 2 böyük sinaqoqu var. Əvvəllər İsmayıllının Mücü-həftəran bölgəsində yəhudilər yaşayıb, hətta bu gün orda bir yəhudi qəbiristanlığı mövcuddur. Bundan başqa, yəhudilər Yevlax, Bərdə və Şirvan bölgəsində də məskunlaşıblar, amma müəyyən müddət sonra müxtəlif səbəblərdən artıq o bölgələrdə yəhudi qalmayıb.

Tarixə baxış

Bizim coğrafiyada Azərbaycan türkləri ilə yəhudilərin bir yerdə yaşamaq tarixi yüzillər öncə mövcud olmuş Albaniya dövlətinə qədər uzanır. Azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Vəlili (Baharlı) hələ 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında bu suala belə cavab verib:

“Azərbaycan yəhudiləri Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuriyada, sonra Midiyada yaşayan qədim yəhudilərin övladlarındandır. Yəhudilər Assuri hökmranlığının süqutundan sonra buradan Salmanasar şahın zamanında indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşdülər”.

Azərbaycanda yəhudi diasporunun təşəkkülünün Əhəmənilər dövrü ilə əlaqələndirilməsi barədə də fikirlər var. Bu mənbədə Azərbaycanda yaranmış yəhudi diasporunun dünya üzrə meydana gəlmiş ilk diasporlardan olması aydın olur. Arxeoloji qazantılar zamanı Bakı ətrafında yeddinci yüzilliyə aid bir yəhudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub-şərqində köhnə sinaqoqa rast gəlinib. Bakıdakı ilk belə dini bina 1862-ci ildə tikilib və 1896-cı ildə sinaqoqa çevrilib. 19-cu yüzilliyin sonlarında daha bir neçə sinaqoq inşa edilib. İlk qurulu sinaqoq 1910-cu ildə Bakıda istifadəyə verilib. 19-cu əsrin sonlarında rus işğalı altındakı Bakı, sionizm hərəkatının mərkəzlərindən biri oldu.

“Hovevei Zion” 1891-ci ildə quruldu və bundan sonra 1899-dakı ilk sionist təşkilat yaradıldı. Bu hərəkat hətta Azərbaycan Demokratik Cümhuriyyətində də güclü idi. 1919-cu ildə Yəhudi Xalq Universiteti açıldı; müəyyən aralıqlarla yidiş, ibranicə, cuhuricə məktəblər, xeyriyyə qurumları və mədəniyyət mərkəzləri fəaliyyət göstərdi. Sovetlərin qurulma prosesində azərbaycanlılarla yanaşı, yəhudilərə də təzyiqlər olunmağa başlandı. Bütün sionist fəaliyyətlər və ibranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz yəhudi ailəsi Azərbaycan və Dağıstandan ayrılıb, İsrailə - öz tarixi ata-baba yurdlarına yerləşdilər. 1970-ci ildə isə köç yasağının qaldırılmasıyla xeyli sayda yəhudi İsrailə köç etdi. Azərbaycan yəhudilərinin ölkədə ən sıx olduğu 1970-ci ildə burada 41288 nəfər yəhudi var idi. Bunların üç mini 1971 və 1978-ci illərdə İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi.

Dağ yəhudiləri

Dağ yəhudilərinin mənşəyi və Qafqazda yerləşmələri ilə bağlı çoxlu ehtimallar mövcuddur. Onlardan biri Dağ yəhudilərinin çox uzun zamanlardan Qafqazda yaşamağıdır. Tarixi qaynaqlara görə, Miladdan əvvəl 722-ci ildə assuriyalılar tərəfindən sürgünə göndərilən, itmiş 10 qəbilə bir müddət sonra Əhəmənilər və Sasanilər tərəfindən sıxışdırılaraq, Cənub-Qərbi İrandan Dağıstana köç etmişlərdir. Bu ehtimallardan biri Dağ yəhudilərinin Erkən Orta əsrlərin əvvəllərində İrandan, ya da Ərəb işğalları səbəbiylə Bizans İmperiyasından gəlməsidir.

Yəhudilərlə Qafqaz türklərinin sıx əlaqəsi nəticəsində Xəzər imperiyası yəhudiliyi qəbul edərək, 790-cı ildə iudaizmi dövlət dini elan etdi. O zamanlar zülm içində yaşayan yəhudilər yeni qurulan türk yəhudi dövləti olan Xəzər xaqanlığına yerləşdilər. Orta əsrlərin sonlarında Gilan yəhudiləri bölgədəki yəhudilərlə iqtisadi və mədəni əlaqə qurdular. Sovetlər zamanına kimi ipəkçilik və qumaş ticarəti ilə məşğul idilər. 1730-cu ildə Səfəvi dövlətindən ayrılan Quba xanı Hüseyn Əli xanın çıxardığı qərarla yəhudilər mülk sahibi oldular.

1926-cı ildə Sovet əhali sayımına görə, toplam yəhudi əhalisinin 10 mindən artıq hissəsini Dağ yəhudiləri təşkil edirdi. Sovetlərin son çağlarında Dağ yəhudilərinin sayı məlum deyildi. Çünki onlar Sovet İmperiyasının antisemit siyasətinin qurbanına çevrilməmək üçün özlərini tat olaraq tanıtdılar. Araşdırmaçılar tat tayfasıyla Dağ yəhudilərinin eyni kökdən olduğu ehtimallarına şiddətlə qarşı çıxırlar. Dağ yəhudiləri bu gün Azərbaycandakı yəhudi diasporunun əsasını təşkil etməkdədir. Tat dilinin bəlli bir ləhcəsi olan və cuhuri deyilən bir dildə danışmaqdadırlar. Bu dilə yəhudi tatcası da deyilir.

Aşkenaz yəhudiləri

Aşkenaz yəhudiləri (Polşa, Rusiya, Belarus, Ukrayna, Almaniya və Macarıstan) Orta və Qərbi Avropa yəhudilərinə deyilir. Aşkenaz yəhudiləri Bakıya ilk dəfə olaraq 1800-ci illərin əvvəlində gəlmişdilər.

Davamlı köçlər sayəsində 1910-cu ildə aşkenaz yəhudilərinin sayı Dağ yəhudilərinin sayını keçmişdi. Onlar daha çox neftlə zəngin olan Bakıya yerləşdilər. Rusiya İmperiyasının “Xəzər Qara Dəniz” şirkəti alman yəhudisi Rotşild ailəsi tərəfindən quruldu. Aşkenazlar 1940-cı illərin sonuna qədər Azərbaycana köç etməyə davam etdilər. Bunların çoxunu II Dünya müharibəsi zamanı evlərindən çıxarılan rus, ukraynalı və belaruslu mühacir yəhudilər təşkil edirdi.

Aşkenaz yəhudiləri Azərbaycan siyasətində aktiv rol aldılar. Kiyev mənşəli Dr.Yevsei Gindes Azərbaycan Demokratik Respublikasının Səhiyyə naziri vəzifəsinə gətirildi. O dövr tibb aləmində Gindesin danılmaz xidmətləri olub. Hətta Aşkenaz yəhudiləri Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında iştirak etməyə nail oldular. Onlar yerli xalqın tərəfini tutaraq, yadelli işğalçılara qarşı azadlıq mübarizəsi aparırdılar. Dövlətimizin parçalanmasını istəyən və xalqımızın daim zülm altında qalmasında maraqlı olan bəzi qonşular kimi hadisələrə biganə qalmırdılar.

1912-ci ildə qeyddə olan vəkil və həkimlərin üçdə biri yəhudi idi. Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu rus dilini bilməklə bərabər, Azərbaycan türkcəsində də sərbəst danışmaqda xüsusi səy göstərirdilər. Hazırda aşkenaz yəhudiləri Azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə aid Bakıda bir sinaqoq fəaliyyət göstərir.

Gürcü yəhudiləri

Çarlıq dövründən əvvəl yerli yəhudi icmalarının gürcü yəhuhudiləri ilə əlaqəsi olub-olmadığı bilinmir. Lakin 1910-cu illərdə gürcü yəhudilərinin Bakıdakı varlığı və onlara aid bir tədris mərkəzi olduğu məlumdur. Bu gün bir neçə yüz gürcü yəhudisi Azərbaycanda yaşamaqdadır. Bakıda gürcü yəhudilərinə xidmət göstərən bir sinaqoq var.

Kürd yəhudiləri

1827-ci ildə yəhudi aramicəsi ilə danışan kürd yəhudilərindən bəziləri Güney Azərbaycan və İrandan Azərbaycana yerləşdi. 1919-1939-cu illər ərzində Bakıda bir kürd sinaqoqu mövcud olub. Sovetlər qurulduqdan sonra Stalin hökumətində xoş qarşılanmayan kürd yəhudiləri 1951-ci ildə Qafqazdan və Azərbaycandan sürgün edildilər.

Karayim yəhudiləri

Xəzər türklərinin nəslindən olan Kırımcaklar (karayim yəhudiləri) dünyada yalnız 5000 nəfərdir. 1989-cu ildə Azərbaycanda 41 nəfər karayim yəhudisi yaşayırdı. Buxara yəhudiləri isə 88 nəfər idi. Hazırda bu yəhudi qrupları Azərbaycanda yaşamırlar.

Gerlər və subbotniklər

Gerlər və Subbotniklər Rusiyanın müxtəlif yerlərlərində 1820-ci illərdə yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar hökuməti bu şəxsləri Cənubi Qafqaza, əsasən də Azərbaycana sürgün etdi. Buraya çatdıqlarında köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın ən böyük məskunlaşma məntəqələrindən biri olan Privolnoyeyə yerləşdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən biri oldu. Sovet dövrünün sonlarına doğru Ger və Subbotniklərin Azərbaycandakı sayı 5000 nəfər idi, 1997-ci ildə isə yalnız 200 nəfəri qalmışdı. Bunların da əksəriyyətinin Rusiyaya köç etmələri səbəbindən Azərbaycanda artıq gerlər və subbotniklər yaşamırlar.

Müasir dövrdə Azərbaycan yəhudiləri

Sovetlər zamanında Azərbaycan xalqı kimi yəhudi xalqı da öz din və mədəniyyətlərini yaşaya bilmirdilər. Lakin Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə yəhudi xalqı da dini və mədəni həyatında azadlıq əldə etdi. Müstəqil Azərbaycan dövləti burada yaşayan digər azsaylı xalqlarla birlikdə yəhudilərə də öz din və mədəniyyətlərini yaşaması üçün hər cür şərait yaratdı. Yüz illərdir Azərbaycanda yaşayan yəhudilər buranı özlərinə vətən bilirlər. Məhz bunun bariz nümunəsi Azərbaycanın ilk Milli Qəhrəmanlarından Albert Aqarunovdur. Azərbaycan yəhudiləri dünyanın heç bir yerində olmadığı qədər əmin-amanlıq və sülh şəraitində yaşayırlar. Bu gün Azərbaycanda üç yəhudi icması fəaliyyət göstərir. Bakıda aşkenazlara, dağ yəhudiləri və gürcü yəhudilərinə xidmət edən üç sinaqoq var. Bakıdakı dağ yəhudilərinin sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Quba yaxınlığında, Qırmızı Qəsəbədə iki, Oğuzda iki sinaqoq var. Dağ yəhudilərinin bir sinaqoqu cənab prezident İlham Əliyevin şəxsi göstərişi ilə tikilib. Həmçinin Bakıda iki yəhudi məktəbi var ki, bunlardan biri dövlət nəzdindədir. Bu, dünyada əsl tolerantlıq və multikulturalizm nümunəsidir. Bundan başqa, Azərbaycanda bir neçə universitetdə yəhudi dili və mədəniyyəti tədris olunur. Həmçinin, Azərbaycan Milli Məclisində yəhudi xalqını təmsil edən bir millət vəkili var. Azərbaycanın iqtisadi- siyasi və sosial həyatında yəhudi xalqı aktiv iştirak edir.

Azərbaycan yəhudiləri xaricdə olarkən ölkəmizi unutmurlar. Bu gün dünyada Azərbaycan həqiqətlərinin təbliğində yəhudi diasporu mühüm işlər görür. Yəhudi dövləti İsrail ilə Azərbaycan arasında siyasi-hərbi və iqtisadi əməkdaşlıq mövcuddur. İsrail dövləti 20 %-dən çox torpağı işğal olunmuş Azərbaycan dövlətinin və xalqının yanındadır. Ölkəmizdəki yəhudilər İsrail-Azərbaycan münasibətlərinin inkişafında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir.

 

Mənbə: Axar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR