Azərbaycanda vahid nəqliyyat strategiyası hazırlanacaq
Azərbaycanda 2019-2022-ci illərdə daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur.
Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Qeyd olunur ki, Azərbaycanda avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımaların təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarının nəqliyyat növləri (avtomobil, dəmir yolu, hava və su nəqliyyatı) arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planı, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyası hazırlanacaq.
Bundan başqa, mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması nəzərdə tutulur.
Əsas icraçı qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər icraçı qurumlar isə Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir.
az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət