Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda tikinti işlərinə start…
Son vaxtlar Azərbaycan dəmir yollarında təmir-bərpa işləri ilə yanaşı, yeni dəmir yol xətləri də çəkilir. Yeni çəkilən dəmir yol xətlərindən biri də Qəbələ hava limanı istiqamətinə aparılır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam etdirilir. Belə ərazilərdən biri də Qəbələ rayonudur. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda tikinti işlərinə start verilib. Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə, Ağdaşın ərazisindən keçməklə, Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materialları qərb və şimal-qərb bölgəsindən gətirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin 11 saylı ixtisaslaşdırılmış dəmir yolu müəssisəsinin direktor müavini Şahin Cavadovun sözlərinə görə, 43 km-lik bir xətli dəmir yolunun çəkilişi zamanı 75 su ötürücü, 14 tunel və körpü salınacaq. Yolun 15-ci km-də — Ağdaş rayonu Qarağan-Şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında isə vağzal tikiləcək.
Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır. Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda dağlıq əraziyə düşür. Sözügedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib.
Şahin Cavadov onu da qeyd edib ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir qədər mürəkkəbdir, dağlıq yerlər olduğundan əlverişli hava şəraitindən istifadə edərək, əsas işlər dağlıq ərazilərdə aparılır.
Dəmir yolunda tikinti işlərinin həyata keçirilməsi üçün Ağdaş ərazisində beton zavod, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb. Yolun çəkilişinin keyfiyyətli və sürətli aparılması üçün 170 işçi cəlb olunub ki, onların böyük hissəsi Ağdaş və Qəbələ rayonlarındandır.
Ümid edək ki, yeni çəkilən bir tərəfli dəmir yol xətti turizm potensialı olan Qəbələ rayonu üçün daha səmərəli və əlverişli olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət