Azərbaycanda tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası "ASAN"laşıb
Nazirlər Kabineti “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nı təsdiq edib.
Ens.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir.
Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək isə bu Qaydada həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcəkdir.
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş edirlər və qaz paylayıcısı tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini həyata keçirir. Bu halda tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin edilir.
Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən və ya qazpaylayıcı şəbəkə mövcud olmayan ərazilərdə tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Qaz paylayıcısı tərəfindən bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilir. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.
Bu Qayda qüvvəyə minənədək qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçıların əlavə qaz həcmi alması və ya istehlakçının müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklər bu Qaydaya uyğun olaraq həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət