Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb

Azərbaycanda qurd xəstəlikləri çox geniş yayılıb
Sakura

Vaqif Qarayev: "Qurd olan uşaqların yediyi canına yatmır”.

Səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb. Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb. Əmrə əsasən, 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Modern.az məsələnin aktuallığını nəzərə alaraq qurd xəstəliklərilə bağlı yaranmış suallarla pediatr Vaqif Qarayevə müraciət edib. Onunla müsahibəni təqdim edirik:

- Doktor, valideynin hansı halda övladında qurd olduğuna dair şübhələri əsaslı ola bilər?

- Uşaq iştahsızdırsa, yuxusu pisdirsə, narahat yatırsa, qarnında, əsasən də göbəyinin ətrafında vaxtaşırı sancılar olursa, səbəbsiz səpkilər, qaşınmalar yaranıbsa, xüsusilə axşam saatlarında tam sakit vaxtında yanını qaşıyırsa, xüsusilə qız uşaqlarında həddindən çox sidiyə getmələr varsa, qurddan şübəhələnmək olar. Qurd olan uşaqların rəngi əsasən solğun olur, el dilində desək “yediyi canına yatmır”. Eyni zamanda, qurd olan uşaqlar yatarkən ağzından su gəlir, yaxud ağız ətrafında ağ yapışıq olur, dişlərini qıcıyır, dırnaqlarını yeyir, oynaqlarında ağrı yaranır, tez yorulur, məktəb yaşlı uşaqlarda diqqətsizlik müşahidə edilir. Sadaladıqlarım bir neçə qurdun tez-tez rast gəlinən əlamətlərdir və bunu müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir.

- Əminliklə demək olarmı ki, bu əlamətlər olan uşaqlarda mütləq qurd var?

- Əlbəttə yox. Bu istiqamətdəki əlamətləri əsas götürüb mütləq şəkildə qurd var demək düzgün deyil. Məsələn, dişlərin qıcanması təkcə qurd əlaməti deyil, əsəblə bağlı da ola bilər. Yaxud uşağın süd dişlərini tökməsindən sonra çıxan dişlərin əyri olması ilə də bağlı ola bilər. Çünki diş damaqlarda düzgün oturmayanda uşaqda qıcıq yaranır. Ağızdan su gəlirsə də, burda yalnız qurd axtarmaq doğru olmaz. Bəlkə uşağın mədə-bağırsağında müəyyən problem var. Ona görə də diaqnozu yalnız həkim qoya bilər. Kiçik yaşlı və əsəbi uşaqlar dırnaqlarını, barmağını yeyir. Bu zərərli vərdiş də ola bilər.

- Həkimlərə müraciət zamanı bir neçə növ müayinə metodları tətbiq edilir: nəcisin analizi, qanın analizi. Bununla yanaşı, bütün növ qurdları təyin etdiyi iddia olunan müasir aparat... Bu metodlardan hansı daha etibarlıdır?

- Həkim nəcisdə qurdun yumurtasını axtarır. Mikroskopun altında həmin qurdun hansı növə aid olduğunu təyin edir. Amma qurdun inkişafının etapları var. Əgər valideyn, qurd yumurta qoyan etapda nəcis analizi veribsə, həkim orada heç nə tapa bilməyəcək. Valideynlərin ən çox rast gəlinən şikayəti budur ki, qurdu gözümlə görsəm də, nəcis analizində çıxmayıb. Bir məsələ var ki, gözlə gördüyün şeyi yoxlatmağın mənası yoxdur. Sadəcə valideyn gördüyü qurdun hansı növə aid olduğunu müəyyən edə bilməz, sadəcə təsvir edə bilər. Qan analizi isə qanda antitelləri, yəni qurdun hansı növünün olmasını müəyyən etməyə kömək edir. Bu üsul daha informativdir. Burada prosesin kəskin yoxsa xroniki olmasını müəyyən edirik. O həkimə imkan verir ki, müalicə üsulunu müəyyən edə bilsin. Doğrudur, heç bir analiz vermədən qurdu müəyyən edən və müalicə üsulunu seçən bir aparat çıxıb. Guya aparat özü diaqnoz qoyur və diaqnoza uyğun da müalicə təyin edir. Mən deyərdim ki, valideynlər bu cür aparatlara inanmasınlar. Az qala hər gün valideynlərdən eşidirəm ki, “aparatda yoxlatdırdım heç nə çıxmadı”, yaxud “çıxdı, müalicə etdirdim, xeyri də olmadı” və s. 

- Son vaxtlar uşaqlarda daha çox hansı qurdlara rast gəlinir?

- Son vaxtlar lyambliya qurdu həddindən artıq çoxalıb. Əksər analizlərdə çıxır. Amma bir məsələni diqqətinizə çatdırım ki, qurdun xroniki forması analizdə çıxıb, amma kliniki əlamətləri yoxdursa, analizin cavabına görə müalicə yazmağın mənası yoxdur. Xroniki proses dedikdə, qurdun nə vaxtsa həmin orqanizmdə olduğu anlamına gəlir.

- Müalicə tətbiq edildikdən neçə müddət sonra effektiv nəticə əldə oluna bilər? Ümumiyyətlə, müalicə ilə qurdun tamamilə aradan qaldırılması mümkündürmü?

- Müalicənin effektivliyinin təxminən 70-80 faizi gigiyenik qaydalara əməl olunmasından asılıdır.

Gigiyenik qaydalar dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Ümumiyyətlə, bütün uşaqlar ayrı-ayrı yatmalıdır. Ailə məsələsidir, anlayıram, bəzi hallarda bu, yer problem olur. Ailənin bir üzvündə qurd aşkarlanıbsa, digər üzvlər də müalicə almalıdır. Bu çox vacibdir. İkincisi, bir yerdə yatan iki uşağın birində qurd var, digərində yoxdursa, mütləq ikinciyə də yoluxacaq. Bu yataq, alt paltarından keçə bilər. Ona görə ayrı yatmalıdırlar. Bu, mütləqdir. Qurda görə müalicə alan şəxsin yataq dəsti ən azı iki gündən bir dəyişdirilməlidir. Özü də paltaryuyan maşında yuyulmamalıdır, dədə-baba qaydası ilə vedrədə qaynadılmalıdır. Biz qurdu dərman pereparatları ilə əridirik, boğuruq və s. amma geyimdə, yataqda yumurtaları qalır. Həmin yataqla təmas zamanı uşaq yenidən qurda yoluxur. Alt paltarları mütləq şəkildə qaynadılmalıdır. Xüsusən qız uşaqlarının alt paltarı gündə iki dəfə dəyişdirilməlidir. Alt paltarı yuyulub, qurudulduqdan sonra isti ütü ilə ütülənib geyindirilməlidir. Bu da çox vacibdir. Həmçinin, dırnaqlar kəsilməlidir. Bundan başqa, uşağın torpaqla təması dayandırılmalıdır. Çünki qurd yumurtaları daha çox torpaqda olur. Ev şəraitində olan uşaqlarda sadaladıqlarıma riayət etmək olur. Amma bağçaya, məktəbə gedəndə çətinlik yaranır. Müalicə alan uşaq bağça, məktəbdəki uşaqlarla kontaktda olur və təkrar yoluxma ehtimalı yaranır. Qeyd etdiklərimə hamı riayət edə bilmir deyə, əksərən həkimlərdən narazıdırlar. Deyirlər “bu boyda dava-dərman elədim, xeyri olmadı”. Bir də qidalanma zamanı meyvə-tərəvəz qaynanmış, axar su altında təkrar-təkrar yuyulmalıdır. Çünki qurdun yumurtaları göyərtidə, tərəvəzlərdə də çox olur.

- Bəzən valideynlər hətta özləri də həkimlik eşqinə düşür. Mütəxəssisə müraciət etmədən, qohum-qonşunun uşağına yazılan dərman pereparatlarından istifadə edirlər...

- Özünümüalicə qəbulolunmuazdır. Bu dərmanlar çox güclü təsirə malikdir. Doza həddinin aşılması digər orqanlara, xüsusilə qaraciyərə toksiki təsir göstərə bilər. Yaxud, hansısa aptekdə məsləhət görülən dərmandan istifadə etmək doğru deyil. Müalicə həkim tərəfindən təyin olunmalıdır. Özü də qurd xəstəliyində bir neçə kurs müalicə mütləqdir. Ona görə də “qonşu onu məsləhət gördü”, “aptekdən bunu verdilər” yanaşması doğru deyil. Bəlkə də qonşu, qohum doğru məsləhət görür, amma məsuliyyət həkimdən keçir. Sabah hansısa neqativ halla qarşılaşanda qonşudan nə isə tələb edə bilmirsən ki, uşağım niyə sağalmır.

- Belə bir fikir var ki, əslində bütün insanların orqanizmində qurdlar var. Sadəcə bunun çox və ya az olması, zərərli və ya zərərsiz olması ayırd edilməlidir.

- Mən bunu qəbul etmirəm. Parazit başqa bir mikroorqanizmdir. O, insan orqanizmində hansı səbəbdən olmalıdır? Amma başqa məsələdir ki, bizim yaşadığımız mühitdə, torpaqda əmələ gələn məhsullarda qurd yumurtaları həddindən çoxdur. Ona görə belə fikir formalaşıb ki, guya hamıda qurd var. Əgər qurd varsa, niyə analizlərin nəticəsində hamıda qurd çıxmır? Mən həkim olaraq bu iddianı qəbul etmirəm.

- Sonda səhiyyə nazirinin dehelmintizasiya proqramının həyata keçirilməsi əmrilə bağlı fikirləriniz maraqlıdır. Əksəriyyət buna qeyri-ciddi yanaşır. Hətta “dərmanlarını sata bilmirlər deyə bu yola əl atırlar” fikirlərini səsləndirənlər də az deyil...

- Bəli, sosial şəbəkələrdə bu haqda yazılan status və rəyləri oxuyuram. Özü də bu rəyləri elə ciddi adamlar yazır ki, həkim olduğuma utanıram. Yaxşı bu nazir nə etsin?! Bəlkə nazir gəlib evlərdə sadaladığım gigiyenik məsələlərlə məşğul olmalıdır?! Sovet dövründə də icbari, məcburi müayinə və müalicələr tətbiq edilirdi. Nə deyirlərsə, ona əməl etmək lazımdır. Çünki qurd mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd yerləşdiyi yerdə ciddi problemlər yaradır, uşağın əqli və fiziki inkişafına təsir edir. Hər halda nazirliyin bu addımı alqışa layiqdir və valideynlər buna tabe olmalıdır.

 

Müəllif: Gülşən Raufqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR