Azərbaycanda prokuror işdən çıxarıldı, köməkçisi həbs edildi
Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.
Baş Prokurorluğun Mətbuat xidmətindən minval.info verilən xəbərə görə, lakin, son illər prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara baxmayaraq, bəzi prokurorluq əməkdaşlarının öz vəzifə borcuna laqeyd yanaşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluq və korrupsiya hallarına yol vermələri kimi neqativ hallara rast gəlinir. Belə ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.
F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.
Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşları və sahibkarlara müraciət edərək, prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, habelə vəzifəli şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşarkən onlardan bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət