Azərbaycanda ov mövsümünün bitəcəyi tarix açıqlanıb
"Təqribən 1 həftədən sonra - martın 7-də rəsmi olaraq ov mövsümü bitir. Bu o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, vətəndaşlar, ovçular bilməlidirlər ki, həmin tarixdən etibarən təbiətə ov məqsədilə getmək qadağandır: "Bu, müəyyən hüquqi nəticələr doğura bilər. Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur".
H.Əlizadə növbəti ov mövsümünün vaxtını da açıqlayıb: "Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində başlanılması gözlənilir. Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub".
Departament rəhbəri bildirib ki, ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır: "Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Çünki müraciətlər daha çox idi. Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən olur. Bizdə olan statistika göstərir ki, gənclər ova meyil etmirlər. Bu, sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".
H.Əlizadə vurğulayıb ki, az sayda da olsa qadınların ov biletlərinin alınmasında marağı var: "Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa ovçu qadınlarımız var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət