Azərbaycanda kredit problemi - Qonşu ölkələrdə yel əsib, qoz tökülübmü?
Mərkəzi Bankın açıqladığı məlumata görə, Azərbaycanda 1 milyon 115 min 820 nəfərə qədər borclu və elə bir o qədər də zamin duran şəxs var və yeni qaydalara görə zaminlər də bank qarşısında məsuliyyət daşıyırlar. Fransada da kreditlər 3,50%-dən başlayır.
Belçika ilə Almaniyada kredit faizləri təqribən 4-7% təşkil edir, Yunanıstanda müddəti 1 ilə qədər olan və 1 ildən beş ilə qədər olan istehlak kreditləri borcalana illik 8,5%-ə başa gəlir, beş ildən daha uzun olan kreditlər isə illik 9%-lə verilir.
Azərbaycandakı banklar istehlak kreditlərini 16-19%-dən başlayan illik faizlər ilə təklif etsələr də reallıqda yeni müştərilər üçün faiz dərəcəsi, kredit proseduruna komissiya da nəzərə alındıqda 20%-i artıqlaması ilə aşır.
Demək olar ki, ölkəmizdəki bütün banklarda təminatlı (zamin ilə) istehlak kreditinin faiz dərəsi 18-22%, təminatsız istehlak kreditinin faiz dərəcəsi 20-24% təşkil edir.Əgər hansısa yerli bankdan 12 ay müddətinə, illik 22%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 616 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka 5616 manat qaytarmalı olur.
Rusiyada banklar orta hesabla istehlak kreditini 9,9%-dən başlayan faizlər ilə təqdim edir. Alınan kreditin məbləği azaldıqca kredit faizi yüksəlir. 12 ay müddətinə, illik 13,99%-lə 5000 manat kredit alınarsa banka 5387 manat qaytarılır.
Türkiyədə kreditin faiz dərəcəsi vətəndaşın kredit reytinqinə görə dəyişir. “Hangikredi” portalındakı məlumatlara görə, Türkiyədə “TEB”dən (illik 16,16%) 16 min 762 Türk Lirəsi (5000 manat) kredit aldıqda xərc 1392 lirə (415 manat), eyni məbləği “Türkiye İş Bankası”dan (illik 18,83%) alındıqda 1611 lirə (479 manat), “Garanti BBVA”dan (illik 29,26%) aldıqda 2435 lirə (726 manat), “Ziraat Bankası”dan (illik 20,71%) aldıqda 1762 lirə (525 manat) təşkil edir.
Gürcüstanda istehlak kreditini illik 9%-dən başlayan faizlər ilə təklif edilir. Bizim manatla 5000 manat krediti 12 ay sonra 5247 manat şəklində qaytarmaq lazım gəlir.
Ekspertlərin rəylərinə görə, kredit götürməyin xərci Türkiyə və Qazaxıstanda Azərbaycanla bir qədər də yüksək, Rusiya və Gürcüstanda isə 2 dəfə aşağıdır. Ukrayna bu məsələdə bizdən iki dəfə yüksək xərc tələb edir.
Qeyd edək ki, Azərbaycanda bankların vəsaitinin 80-85 faizini insanların əmanətləri təşkil edir. İkincisi xaricdəki maliyyə qurumlarından dəstək alırlar, üçüncüsü də Mərkəzi Bankın mərkəzləşdirilmiş krediti var, uçot dərəcəsini aşağı salmaqla və s. digər banklara vəsait verir. Banklar 12 faizlə əmanət götürür,22-25% -lə kredit verirlər. Necə deyərlər kredit yaman günün yarağıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət