Azərbaycanda koronavirusa görə yaslar yeni qaydalarla keçiriləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi artıq neçə aydır ki, bütün dünya ölkələri COVİD-19 pandemiyası ilə təhlükədədir. Buna görə toy və yas mərasimlərinin əvvəlki qaydada keçirilməsi dayandırılıb. Cəmi 10 nəfərin məhdudluğu ilə reallaşan yas mərasimləri ilə bağlı qərar isə insanların daha çox narazı qaldığı məqamdır. İnsanlar doğmalarını itirdiklərinə görə bu hal başadüşüləndir.
Maraqlıdır, Azərbaycanda post- pandemiya dövründə, xüsusən də yas mərasimləri üçün yeni qaydalar müəyyənləşdirilə bilərmi?
Ens.az xəbər verir ki, Mövzu ilə əlaqədar Sonxeber.az-a deputat Razi Nurullayev danışıb:
"Mənim sizə deyəcəklərim öz mülahizəmdir. Birincisi, toy və yas məclislərində say limiti tətbiq edib, pis-yaxşı ona nəzarət etmək olar. Amma, gələnlər maska taxsın, oynayanda, ağlayanda məsafə gözləsin demək gülməlidir.
Hamımız çox gözəl bilirik ki, məsafə saxlamaq mümkün deyil. Həm toya gələnlər, həm də yasa gələnlər arasında "marça-murç" başlayır, sən onlara necə deyəcəksən ki, öpüşməyin, qucaqlaşıb bir-birinizin dərdinə şərik olmayın?
Kişilər bəlkə də azacıq da olsa idarə oluna bilər, amma qadınlara min dəfə deyəsən xeyri yoxdur. Onlar mexaniki olaraq bir-biri ilə mehriban ünsiyyət qururlar və deyib-gülürlər, ya da ağlaşırlar. İndi deyin görək, kim orada onlara nəzarət edib deyəcək ki, məsafə saxlayıb deyib-gülün və məsafə saxlayıb, maska taxıb yaslarda ağlayın. Mümkün deyil".
Mövzuya deputat Azər Badamov da münasibətini bildirib. Deputat post- pandemiya dövründə də, yas mərasimlərin keçirilməsini lazımsız olduğunu bildirib:
"Pandemiya dövründə yas mərasimlərin keçirilməsi qadağan olunub. Dəfn mərasimlərində də çoxlu adamın iştirakı tövsiyyə olunmur. Bu, infeksiyanın yayılması riskinin aşağı salınması ilə bağlıdır. Post-pandemiya dövründə də yas mərasimlərinin keçirilməsini lazımsız olduğunu düşünürəm.
Çünki, yas mərasimlərin dəbdəbəli xarakter alması yas sahibinin yaxınını itirib dərt etdiyi halda mərasimin təşkili də əlavə yük yaradır. Xüsusilə imkanı olub olmamasından asılı olmayaraq qonşudan geridə qalmayaq düşüncəsilə belə tədbirlərin keçirilməsi maddi vəziyyəti aşağı olan insanlar üçün daha böyük problemə çevrilir. Həm də yas mərasimləri təşkil olunanda insanlar əlindəki işlərini ataraq mərasimə getməli olurlar. Yas mərasimi keçirmək adəti ləğv olunarsa pandemiya dövründə olduğu kimi hamı biləcək ki, kimin imkanı varsa dəfn mərasimində iştirak edəcək. Kimin isə dəfnə getməyə imkanı yoxdur zəng edib yas sahibinə başsağlığını bildirəcək və heç kim də inciməyəcək. Ona görə də bir qayda olaraq yas mərasimləri post-pandemiya dövründə də keçirilməzsə yaxşı olar.
Deputat qeyd edib ki, yas mərasimi rəhmətə gedənin dəfni ilə başa çatmalıdır, günlərlə süfrələr açaraq məclislərlə davam etməməlidir. Azər Badamov bildirib ki, dünyasını dəyişən insanın günlərlə davam etdirilən mərasimlərdən onsuzda xəbəri olmur. Qanunvericilikdə post- pandemiya dövründə yas mərasimlərin keçirilməsinə qadağanın tətbiqilə bağlı dəyişikliyin edilməsini vacib deyil:
"Çünki adət-ənənələr keçmişdən, nəsildən-nəsilə ötürülərək gəlib çatır. Çoxlu adət ənənələr var ki, insanların özləri tədricən aradan qaldırıblar. Məsələn toyların keçirilməsi əvvələr bir neçə gün davam edirdisə, indi bir neçə saat toyxanada toy etməklə kifayətlənir. Bu da toy sahibinə toy mərasiminin keçirilməsini kifayət qədər rahatlaşdırmışdır. Eynilə yas mərasimlərin keçirilməsi də post-pandemiya dövründə də tədricən aradan çıxmalıdır. Yəni keçirilən bütün tədbirlər insanlara rahatlıq yaratmalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət