Azərbaycanda istehsal olunacaq "QAZ" avtomobillərinin İran və Türkiyəyə ixrac olunması planlaşdırılır
Hacıqabul Sənaye Məhəlləsində istehsal olunacaq "QAZ" avtomobillərinin İran, Gürcüstan və Türkiyəyə ixrac olunması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.
O qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsində "QAZ" avtomobil zavodunun tikintisi layihəsi Azərbaycanla Rusiya arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət