Azərbaycanda hamilə qadınların virus daşıyıcılarının təsirinə məruz qalmaq təhlükəsi olan işlərdə çalışması qadağan olunacaq
Hamilə və ya yaş yarımına çatmamış uşağı olan qadınların virus daşıyıcılarının təsirinə məruz qalmaq təhlükəsi olan işlərdə çalışması qadağan olunacaq.
Ens.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
İndiki Məcəlləyə görə, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxan qadınlar tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir. Təklif olunan dəyişiklikdə qadın sözünün “hamilə və ya yaş yarımına çatmamış uşağı olan qadınların” sözü ilə əvəz edilməsi nəzərdə tutulub.
Eyni zamanda hazırki Məcəllədə qeyd edilib ki, qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:
a) başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
Layihədə həmin hissələrin Əmək Məcəlləsindən çıxarılması nəzərdə tutulub.
Layihədə həmçinin 241-ci maddənin 5-ci hissəsinə əlavə də nəzərdə tutulub. Hazırki Məcəlləyə görə, hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır. Təklif olunan dəyişikliyə görə, hamilə və ya yaş yarımına çatmamış uşağı olan qadınların həmçinin təhlükə, sağlamlıq və ağırlıq baxımından yararlı olmayan, o cümlədən qurğuşun, benzol, ionlaşdırıcı şüalanma, yüksək temperatur, vibrasiya, yaxud virus daşıyıcılarının təsirinə məruz qalmaq təhlükəsi olan fəaliyyət sahələrində işlərin görülməsinə cəlb olunması qadağan olunacaq.
Qeyd edək ki, yeni layihədə hamilə və yaş yarımına çatmamış uşağı olan qadın əməyinin tətbiqinin qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət