Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq?

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq?
Sakura

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir. O cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi ilə bağlı işlər görülür. R.Səttarzadə qeyd edib ki, ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır: “Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”.

“Yeni Sabah” xəbər verir ki, dizel mühərrikli avtomobillərin idxalının məhdudlaşdırılması ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Hürriyyət”ə deyib ki, dizel mühərrikli avtomobillərin istismardan yığışdırılması ilə bağlı ilk addımlardan birini Almaniya atıb: “Hansı ki, Almaniya özü dizel mühərrikli avtomobillər istehsal edir və digər ölkələrə bunu ixrac edir. Amma ekoloji cəhətdən nə qədər zərərli olduğunu gec-tez onlar da başa düşdülər və öz ölkələrində bunun istismarını qadağan edirlər. Amma istehsal məsələsinə hələ də bir söz demirlər. 

Ziddiyyətli məsələ budur ki, özlərində istifadə etmirlər, amma istehsal edib, başqa ölkələrə satırlar. Almanlar o qədər də ağılsız bir millət deyil ki, bu məsələdə özlərini düşünmür, başqalarına xeyir verirlər. Sadəcə, zərərli olduğunu bilirlər və kim o zərəri qəbul etmək istəyirsə, gedib alır.

Azərbaycanda bu proses belə qısa müddətdə baş tutmayacaq. Çünki bu illərlə vaxt aparan bir prosesdir. Bunun üçün insanları stimullaşdırmaq lazımdır. Yeni avtomobil gətirən insanlara gömrük rüsumu ilə bağlı şərait yaratmaq lazımdır ki, insanlar gedib dizel mühərrikli avtomobilli satsa və yaxud metalloma verəcəksə, heç olmasa o elədiyi pulun qarşılığında, yaxud üstünə bir az pul qoyub, normal bir maşın ala bilsin.

Yəqin ki, bizim gömrük rüsumlarından məlumatınız var, nə dərəcədə dəhşətli rəqəmlərin ortaya çıxdığını da hamımız bilirik. Bunun fonunda heç kim köhnə dizel “Mercedes”ini 4 min manata satıb, gedib Gürcüstandan 4 min manata yaxşı bir maşın tapsa, gətirib üstünə 6 min qoyub gömrüyə rüsüm ödəməsi mümkün deyil, buna heç cür imkanı çatmayacaq.

Sıxılmış qazla işləyən maşınlar yaxşıdır. Amma o sistemi benzin mühərrikli avtomobillərə quraşdırmaq olur. Dizel mühərrikə qazla mühərrik qoymaq mümkün deyil. Yəni istənilən bir qaz quraşdırma məntəqəsinə müraciət etsəniz deyəcəklər ki, benzinlə çalışan maşındırsa, onun qazla işləmək imkanı da var, ona qaz balonu qoymaq olur, amma dizelə bu, mümkün deyil, alnmır”.

E. Muradlı nəzərə çatdırdı ki, keçən il dekabrın 27-də ölkə Prezidenti yol hərəkətinin təhlükəsizliyinə dair dövlət prorqamı təsdiqləyib: “Həmin proqramda da göstərilir ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi proqramı işlənməlidir, vətəndaşlar stimullaşdırılmalıdır. Stimullaşdırma deyəndə nə nəzərdə tutulur? Məsələn, İranda benzinlə işləyən maşını gətirib Gürcüstanda 1000 manat gömrük rüsumu ödəyirsən, amma elektromobil gətirəndə 100, yaxud 300 manat ödəyirsən. Bu məbləğ təxminən 30-40% arasında dəyişir. İnsanlar da baxır, görür ki, benzindənsə elektoromobil daha sərf edir. Yaxud hibrid avtomobil gətirir. Stimullaşdırma deyəndə sən insana seçim qoyursan. Özü də elə seçim qoyursan ki, həm elektromobilin qiyməti ucuzdur, həm yanacaq sərf etmir, bu da yaxşıdır, həm də gömrükdə bunun rüsumu aşağıdır. Ağıllı insan əlbəttə ki, gedib elektromobil, ya da hibrid maşını alacaq. 

Amma biz nə gömrük rüsumlarını azaltmırıq, nə o maşınlara güzəşt etmirik, elə deyirik ki, hamının əlindən dizel maşınları alaq, zibilliyə ataq. Bəs, yaxşı, bu insanların vəziyyəti necə olacaq?

Həmin dövlət proqramının təsdiqlənməsindən 5 ay keçib, nə Gömrük Komitəsi çıxıb düz əməlli açıqlama vermir ki, mən nə iş görmüşəm, nə də digər aidiyyatı qurumlar heç bir təklif irəli sürmür. Bu, yol hərəkətinin təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir tədbirdir. İllərdir yığılıb qalan problemləri özündə əks etdirən bir proqramdır ki, cənab Prezident bunu təsdiqlədi, icrasını da aidiyyatı qurumlara tapşırıb.

Əlavə dəyər vergisi, gömrük rüsümu, ölkəyə gətirilmə xərci hamısı hesablanır, avtomobilin qiyməti kəllə-çarxa gəlib çıxır. Ona görə, artıq bir lətifə formalaşıb ki, xaricdən Azərbaycana maşın gətirmək istəyirsənsə, iki maşın al, birini gətir, gömrükdə “hədiyyə” ver, o birini də ölkəyə keçir, özün sür. Yəni ən azı bir maşının qiymətini səndən gömrük rüsumu qismində alırlar. Bu, sadəcə biabırçılıqdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR