Azərbaycanda bələdiyyələrin - 1700 torpaq sərəncamı ləğv edilib
Bu ilin əvvəlindən indiyədək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən 56 985 bələdiyyə aktına baxılıb, onlardan 1749 akt qanunsuz hesab edildiyindən dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilib. Həmin təkliflərdən 1461-i təmin edilib, digərləri isə baxılmaqdadır.
FED.az xəbər verir ki, bu barədə Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri vəzifəsini icra edən Rəhman Məmmədov bildirib. Onun sözlərinə görə, qanuna əsasən, bələdiyyə aktı qəbul ediləndən sonra onun surəti 15 gün ərzində yoxlanılmaq üçün inzibati nəzarət orqanına göndərilir.
Mərkəzin rəhbəri bildirir ki, ləğv edilən sərəncamların əksəriyyəti bələhdiyyə torpaqları ilə bağlıdır. «Bələdiyyələr tərəfindən 204,88 hektar torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 3971,82 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar inzibati nəzarəti həyata keçirən orqanın təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib.
Bütövlükdə, 4226,7 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb».
Bəzi bələdiyyələrdə daha ciddi hüquq pozuntuları aşkar edilib və toplanan materiallar prokurorluğa göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət