Azərbaycanda banklar iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabat verəcəklər
Növbəti illərdə Azərbaycan banklarından iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabatlar tələb ediləcək.
"Report"un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov “Yaşıl maliyyə” mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, ESG (ekoloji, sosial və idarəetmə) risklərinin iqlim dəyişmələrinə inteqrasiyası nəzərdə tutulur:
"Bununla bağlı risk menecmentin stres testləri aparılır və risk amilləri qiymətləndirilir. Burda əsas məsələ şəffaflıq və bazar intizamının təmin edilməsidir".
K. Məmmədov qeyd edib ki, artıq bankların bir neçəsi bununla bağlı hesabatlılıq verir: "Növbəti illərdən başlayaraq digər banklardan da tələb olunacaq ki, dayanıqlılığla bağlı hesabatlar verilsin".
Qeyd edək ki, iqlim dəyişikliyi hazırda qlobal gündəmin ən aktual çağırışlarından biridir. Aşağı karbonlu gələcək artıq bizdən bu gün qəti qərarlar qəbul olunmasını tələb edir. Bu tələb iqtisadi transformasiyanı sürətləndirməklə maliyyə mənzərəsinə yeni bir yanaşmanı formalaşdırır.
Bununla bağlı, Mərkəzi Bank həm qlobal çağırışlara, həm də Azərbaycanın yaşıl artım ölkəsinə transformasiyası planlarına uyğun olaraq maliyyə sektorunun dayanıqlı maliyyəyə keçidinin dəstəklənməsini özünün strateji prioritetləri sırasına daxil edib. Əsas diqqət Mərkəzi Bankın “inkişaf” korporativ dəyərinə uyğun olaraq maliyyə sektorunun dinamik dəyişikliklərinin effektiv idarə edilməsinə yönəltməyi, maliyyə sabitliyini təmin etməyi, habelə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməyi hədəflənir. AMB hesab edir ki, "yaşıl maliyyə" sahəsində innovasiyaları təşviq etməklə iqlim dəyişikliyinin yaratdığı sistem risklərini azalda, fəaliyyəti dayanıqlılıq məqsədləri ilə uyğunlaşdırmaqla daha geniş maliyyə icması üçün presedent yaradıla bilər. Bildirilir ki, məhz ümumi səylər nəticəsində iqtisadi rifahın ekoloji dayanıqlılıqla ahəngdə inkişaf etdiyi bir gələcəyi formalaşdırmaq mümkün olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət