Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycana ərəb yatırımları niyə gecikir

Azərbaycana ərəb yatırımları niyə gecikir
Sakura

Azərbaycana ərəb yatırımları niyə gecikir

İqtisadçı ekspert: “Azərbaycan işin piar tərəfini yaxşı qurub, ancaq...”

Ərəb ölkələri böyük sərmayə imkanlarına və dünya ticarət və infrastrukturlarında böyük paya sahibdir. 2016-cı ildə Səudiyyə Ərəbistanı və ABŞ arasında siyasi qalmaqal yarananda məlum olmuşdu ki, ABŞ birjalarında Səudiyyə krallığına məxsus 750 milyard dollar vəsait var. Həmin vaxt Ər-Riyad Vaşinqtonu münasibətlər pisləşəcəyi təqdirdə pulları çəkəcəyi ilə hədələmişdi.


Ekspertlərə görə, Bakının da ərəb ölkələri ilə son illərdə istiləşən münasibətləri məhz ərəb sərmayəsinin cəlb olunmasına hesablanıb. Artıq Bakıda az da olsa ərəb yatırımları hiss olunur. Paytaxtdakı “Monolit Plaza” lüks hotelini Küveytdən olan investor satın alıb.

Bakı həmçinin ərəb-müsəlman ölkələri ilə siyasi-diplomatik əlaqələri son illərdə sürətlə inkişaf etdirir. İslam Əməkdaşlıq Təşkilatının bir sıra yüksək səviyyəli toplantıları Bakıda keçirilib, Azərbaycan 4-cü İslam Oyunlarına ev sahibliyi edib. Hesab olunur ki, bütün bu addımlar həm də piar xarakterlidir və ölkəyə ciddi ərəb yatırımları cəlb etməyə hesablanıb.

Ancaq bu da realdır ki, ərəb yatırımlarından uzun müddətdir danışılsa da, ciddi yatırımlar hiss olunmur.  Vaxtilə “Sovetski”nin də ərəblər tərəfindən alındığı bildirilirdi. Lakin orada ərəblərin hansısa yatırımlarını görmədik...

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yatırımçıların milləti olmur: “Harada perspektiv varsa, yatırımçı oraya vəsait qoymaqda maraqlıdır. Ona görə də istənilən yatırımçı hansısa ölkəyə gəlmədən öncə həmin ölkənin perspektivlərini, oyun qaydalarını, vergi, gömrük qanunvericiliyini, məhkəmə hakimiyyətinin vəziyyətini öyrənir. Problem olduğunu gördükdə ən azından, məhkəmələrdə işlərin ədalətli həlli ilə bağlı problemə rast gəldikdə, qanunvericiliyin tez-tez dəyişdiyinin şahidi olduqda, yatırım etmək fikrindən daşınırlar. Yeri gəlmişkən, ölkədə vergi qanunu son 2 ildə 2 dəfə köklü şəkildə dəyişdirilib ki, bu da iqtisadi oyunçuları qorxudan amillərdən biridir. Konkret olaraq ərəb yatırımçılarına gəldikdə isə bizdə səhv təsəvvür formalaşmışdı. Düşünülürdü ki, ərəb yatırımçıları, fondları özləri qərar veriblər. Ancaq bu, belə deyil. Ərəbistan yarımadası ölkələrinin yatırım fondlarını öyrəndikdə məlum olur ki, bunların böyük əksəriyyətinin idarə edilməsi Avropa və Amerika mütəxəssislərinin əlindədir. Yəni obrazlı desək, ərəblər öz pullarını o fonda yığıblar və Amerika, Avropada böyük fondlarda çalışmış insanları ora rəhbər təyin edirlər. Bu adamlar da eyni məntiqlə düşünürlər. İstənilən ölkəyə yatırım qoyan zaman, bu yatırımın öyrənilməsi məsələsi ən azı 1 il çəkir. Bütün sadaladığım məsələləri öyrəndikdən sonra qərarlarını verirlər. Azərbaycan heç Ümumdünya Ticarət Təşkilatının da üzvü deyil. 21 ildir danışıq aparsaq da, nəticə yoxdur. Halbuki ermənilər və gürcülər 2003-cü ildə, Rusiya, Qazaxıstan 2015-ci ildə üzv oldular. Yəni bütün ətraf ölkələrimiz bu təşkilata üzv olublar, bizdən başqa. Bu amillər də bizdə qeyri-neft sektoruna olan yatırımların zəif gəlməsinə səbəb olur”. 

Ekspertə görə, ölkənin tanıtımı və piar baxımından İslam Oyunlarının da böyük əhəmiyyəti var: “Eyni zamanda ölkədə keçirilən böyük konfranslar, toplantılar qeyd etdiyimiz məsələ baxımından əhəmiyyətlidir. Ancaq yatırımçı öz pulunu hər şeydən çox sevir. Bu da əslində normal haldır. Yatırımçı əgər hər hansı başqa bir ölkədə daha çox işləmək və gəlir qazanmaq imkanları görürsə, vəsaitini də düşünmədən, həmin ölkəyə yatırır. Bu, sırf olaraq Azərbaycanla da bağlı deyil. Yəni məsələ dünyanın hər yerində belədir. Ona görə də piar kampaniyaları ilə bərabər, vergi və gömrük qanunvericiliyində, məhkəmə sistemində müvafiq addımlar atılarsa, bu, çox böyük effekt verə bilər. Regiona nəzər salsaq görərik ki, bu xüsusda Qazaxıstan ciddi addımlar atıb. Onların təcrübəsindən yararlanmaq lazımdır. Hətta iş o yerə gəldi ki, ötən il onlar biznes çevrələri üçün ayrıca məhkəmə sistemi tətbiq etdilər. Yatırımçının tələbi varsa, o, xarici investordursa, məhkəmənin ingilis dilində keçirilməsi də qanunda öz əksini tapdı. Bu da Qazaxıstana marağın sürətlə artmasına səbəb oldu. Çünki istənilən yatırımçı dünyanın hər yerində eyni qaydaları Qazaxıstanda da gördü. Eyni zamanda Qazaxıstan 2015-ci ildə Ümumdünya Ticarət Təşkilatına da üzv oldu, piar aksiyaları da keçirildi. Azərbaycanda isə yalnız piar sahəsi olmaqla, birtərəfli iş gedir. Digər sahələrdə axsamalar olduğu üçün gözlənilən nəticə əldə edilmir”. 

 

Mənbə: Fed.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR