Azərbaycan XİN və Dövlət Komitəsi birgə layihə həyata keçirməyə başlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və Diasporla İş üzrə Dövlət Komitəsi birgə fəaliyyət ilə bağlı növbəti yeniliyə imza ataraq qərar qəbul edib.
"Report"un məlumatına görə, Azərbaycan həqiqətlərinin xaricdə təbliği ilə bağlı müxtəlif tədbir və proseslərdə birgə iştirakı nəzərdə tutan yeni qərarla bağlı hər iki dövlət qurumu xaricdəki diplomatik korpuslara, diaspor qurumlarına birgə imzalanmış rəsmi məktubla tövsiyə və tapşırıqlarını ünvanlayıblar.
Məktubda bildirilir ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin və xalqının xaricdə daha yüksək formada təbliğatının həyata keçirilməsi, milli maraqların təmini, gələcək fəaliyyətdə əməkdaşlıq və uzlaşdırma baxımından işin daha da yüksək səviyyədə qurmaqda israrlıdır.
Bildirilir ki, diaspora təşkilatlarının fəaliyyətinin səmərəli təşkili, soydaşlarımızın tarixi Vətənləri ilə bağlılığının daha da möhkəmləndirilməsi baxımından Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərə Azərbaycanın diplomatik nümayəndəlikləri tərəfindən müvafiq dəstəyin göstərilməsi ilə yanaşı, sözügedən qurumla soydaşlarımız arasında münasibətlərin sıxlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı və koordinasiyalı əməkdaşlıq ümumilli məqsədlərə çatmaq imkanlarını daha da genişləndirəcək.
Məktubda Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Komitəsinə yeni rəhbər təyin etdiyi xatırladılaraq, diplomatik korpuslara akkreditə olunduqları ölkələrdə diasporla işin daha səmərəli təşkili məqsədi ilə bu istiqamətdə fəaliyyətin komitə ilə qarşılıqlı əlaqələndirilmiş formada həyata keçirilməsinin zəruruliyi bildirilir.
Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Təyinatın ardınca Dövlət Komitəsi Azərbaycanın xaricdəki diplomatik korpusları ilə koordinasiyalı formada bir sıra ölkələrdə birgə görüşlər, toplantılar keçirib və diasporun mərkəzləşdirilməsi, lobbiçiliklə bağlı müvafiq istiqamətlər üzrə yeniliklərə imza atılıb.
XİN və Dövlət Komitəsinin birgə fəaliyyət qərarı ilə bağlı xəbəri ilk olaraq Open.az saytı yayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət