Azərbaycan XİN başçısı Bolqarıstana səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana səfər edəcək.
"Report" Bolqarıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov oktyabrın 31-də bu ölkənin XİN başçısı Yekaterina Zaxariyeva ilə görüş keçirəcək.
Təkbətək görüşdən sonra iki ölkə arasında strateji dialoqun ilk iclası keçiriləcək. İclasda energetika, ticarət, investisiya, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımlar müzakirə olunacaq.
E.Məmmədyarovun Bolqarıstana səfəri zamanı həmçinin iki ölkənin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq.
Qeyd olunub ki, E.Məmmədyarovun ikigünlük səfəri Azərbaycan XİN başçısının Bolqarıstana 2008-ci ildən bəri ilk rəsmi səfəri olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət