Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada dənizin bioloji ehtiyatlarının qorunması, mühafizəsi,…
Avqustun 12-də imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada bir sıra məsələlərlə bərabər, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və ona nəzarət, eləcə də dənizin ətraf mühitinin mühafizəsi, qorunması və bərpası üçün fərdi və ya birgə şəkildə zəruri tədbirlərin görülməsi qeyd olunub. Nəzərə alınan tədbirlər sırasında Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi məsələləri də öz əksini tapıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib.
Şöbə müdiri deyib: “Bu Konvensiyada qeyd olunan məsələlər 2006-cı ildə qüvvəyə minmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası və 2014-cu ilin 29 sentyabr tarixində Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə görüşündə imzalanmış və 2016-cı ildə qüvvəyə minmiş “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”də nəzərdə tutulan məsələlərdir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qüvvəyə minənə qədər qeyd olunan sənədlər üzrə Azərbaycan tərəfindən bir çox tədbirlər həyata keçirilir və bu istiqamətdə digər Xəzəryanı dövlətlərlə əməkdaşlıq edilir.
Qeyd etmək lazımdır ki, XX əsrin ortalarından başlayaraq antropogen və təbii amillərin təsiri Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarıb, o cümlədən dənizin unikal ixtiofaunasında böyük dəyişikliklər baş verib. Bir çox qiymətli vətəgə əhəmiyyətli balıqların, xüsusilə nərəkimilərin ehtiyatı kəskin azalıb.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan Hökumətinin gördüyü tədbirlər Xəzərin ekoloji vəziyyətinə bu neqativ təsirlərin azaldılmasına yönəlib. Belə ki, Xəzər dənizinin çirklənmədən qorunması üçün mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilməkdədir”.
Rasim Səttarzadə bildirib ki, Bakı buxtasının və digər sahil ərazilərinin batmış və yarımbatmış gəmilərdən, on minlərlə ton metal və beton konstruksiyalardan, eləcə də digər iriqabaritli tullantılardan təmizlənməsi prosesi davam edir. Həmçinin Neft-qaz əməliyyatlarının həyata keçirilməsi zamanı Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına gəldikdə isə, Xəzər dənizinin Azərbaycana məxsus bölməsində fəaliyyət göstərən beynəlxalq neft şirkətləri tərəfindən tətbiq olunan qabaqcıl aztullantılı texnologiyalar və müasir idarəetmə sistemləri karbohidrogen ehtiyatlarının işlənməsi zamanı dəniz mühitinə mənfi təsiri minimuma endirməyə imkan verir.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda nərə balıq ehtiyatlarının bərpa edilməsi və artırılması, onların genofondunun qorunub saxlanılması üçün dörd nərə balıqartırma zavodu fəaliyyət göstərir. Bu zavodlar tərəfindən ildə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır. 2001-2018-ci illər ərzində 171 milyon ədəd nərəkimi balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Balıq ehtiyatlarının mühafizəsi sahəsində tədbirlər gücləndirilib, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə “Tədbirlər Planı” hazırlanaraq təsdiq olunub. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
“Həmçinin hazırda ölkəmizdə Xəzər dənizinin Azərbaycana aid sularında, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa edilməsi və artırılması, onların genofondunun və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin edən 12 balıqartırma müəssisəsi, o cümlədən dörd nərə balıqartırma zavodu, üç qızılbalıqartırma zavodu, beş çəkikimi balıqartırma təsərrüfatı fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələri tərəfindən 2001-2017-ci illər ərzində ümumi sayı 7,457 milyard olmaqla, müxtəlif növ balıq körpələri artırılaraq Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılıb. Onların 163,3 milyon ədədini nərəkimilər, 2,39 milyon ədədini qızılbalıq, 7,288 milyardını isə çəkikimilər təşkil edir. 2004-cü ildən başlayaraq bütün balıqartırma müəssisələrində müxtəlif növ balıqlardan ibarət törədici balıq sürüləri yaradılıb.
2011-ci ildən başlayaraq bütün Xəzəryanı ölkələrin ümumi razılığına əsasən Xəzər dənizində nərə cinsli balıqların kommersiya ovlanmasına texniki moratorium tətbiq edilir və nərə balıqlarının əmtəə ovu aparılmır”, - deyə Rasim Səttarzadə vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət