Azərbaycan və Türkiyə hərbçilərinin birgə kursu yekunlaşdı
Dağ Təlim Mərkəzində Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin cəlb edildiyi Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kursları başa çatıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdikləri kursların uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Əvvəlcə buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib, Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirilib.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin zabiti, polkovnik Haluk Arpacıoğlu çıxış edərək bildiriblər ki, çətin dağlıq şəraitdə döyüş aparmaq vərdişlərinin, yaralıların və əmlakın təxliyəsi üsullarının, müxtəlif dağ ləvazimatlarının istifadə qaydalarının mənimsənilməsi məqsədilə keçirilən kurslarda iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq nümayiş etdirməsi hər birimizi daha da qürurlandırır.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Nəriman Quliyev bildirib ki, hərbi qulluqçularda yüksək dözümlülüyün və yenilməz iradənin formalaşmasına xidmət edən Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kurslarında qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını istənilən relyef və hava şəraitində yerinə yetirməyə hazırıq.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev kursları müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək qeyd edib ki, Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında və Türkiyə Respublikasının Qars şəhərində keçirilən döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətindən və şəxsi heyətlərimizin yüksək vətənpərvərliyindən xəbər verir. Böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı ilə keçirilən təlimlər və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslar birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı kursları daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran hərbi qulluqçulara sertifikat, qiymətli hədiyyə və döş nişanlarını təqdim edib. Kəşfiyyat və Dağçılıq təkmilləşdirmə kurslarında təlimatçı qismində iştirak edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına qiymətli xatirə hədiyyələri təqdim edilib.
Sonra kursları müvəffəqiyyətlə bitirən bütün məzunlara sertifikatlar və döş nişanları təqdim edilərək xidmətlərində uğurlar arzulanıb.
Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət