Azərbaycan və İran arasında magistral yol çəkilişinə başlanıb
Azərbaycan Astarası və İran Astarası arasında magistral yolun çəkilməsinə başlanılıb.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi deyib. Onun sözlərinə görə, bu yolun uzunluğu təxminən 1,3 min metrdir.
X.Xademi əlavə edib ki, İran və Azərbaycan arasında məhsul tranziti və vətəndaşların daşınması əsas məqsədlərdən biridir. Bununla əlaqədar şəhərdən kənarda yeni sərhəd terminalı inşa olunub.
Rəşt-Astara dəmiryolu ilə bağlı son vəziyyətə də aydınlıq gətirən nazir müavini deyib ki, dəmiryolu bəzi yerlərdə əkin ərazilərindən keçdiyi üçün həmin ərazilər təsərrüfatçılardan satın alınmalıdır.
X.Xademi bildirib ki, ilkin dəyərləndirmədə bunun üçün 60-70 trilyon rial (təxminən 1,42-1,66 milyard dollar) vəsait nəzərdə tutulmuşdu. Həmin vəsaitin 1-2 il ərzində təmin olunmasının mümkün olmadığı üçün illik büdcədən əlavə, digər vəsaitlər də nəzərdə tutulub ki, işlər sürətlə irəliləsin.
Qeyd edək ki, Şimal-Cənub Dəhlizində sadəcə İranda Rəşt-Astara dəmiryolu inşa edilməyib. 163 kilometrlik dəmiryolu inşa edildiyi halda, Hindistanın Dehli limanından Finlandiyanın Helsinki limanınadək yük tranzit olunacaq. İran rəsmiləri bu dəmiryolunun istismara verilməsi ilə İranın məhsul tranzitinin 50 milyon tona çatacağını bildirirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət