Slimfit
  1. AZƏRBAYCAN

“Azərbaycan və Amerika startup ekosistemləri arasında körpu rolunu oynamaq istəyirəm”

“Azərbaycan və Amerika startup ekosistemləri arasında körpu rolunu oynamaq istəyirəm”
Sakura

“Azərbaycan və Amerika startup ekosistemləri arasında körpu rolunu oynamaq istəyirəm” — Fərid İsmayılzadə

İnnovativ startaplar iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Ən müvəffəqiyyətli və perspektivli biznes ideyalar qlobal iqtisadiyyatın hərəkət vektorunu sürətlə dəyişir, bazarın yeni sahələrini kəşf edir. İnnovasiyaların inkişafını stimullaşdırmaqda və onların formalaşmasında əsas rolu startap ekosistemi oynayır. Startap ekosistemin tərkib hissəsini isə inkubasiya mərkəzləri təşkil edir. Azərbaycanda bu gün müxtəlif inkubasiya mərkəzləri yaradılıb. Lakin müşahidələr göstərir ki, bu sahəyə sərmayə yatıranların sayı olduqca azdır. Nəticə etibarilə bir çox yerli startaplar öz layihələrinin ölkə hüdudundan kənarda inkişaf etdirirlər.

Rəqəmsal texnologiyalar sahəsində ekspert, GoldenPay ödəniş sisteminin, Hesab.az onlayn xidmət platformasının və “TECHNOVATE” inkubasiya mərkəzinin təsisçisi Fərid İsmayılzadə “Qafqazinfo”ya müsahibəsində Azərbaycanda startap hərəkatının hazırdakı durumu və gələcək perspektivlərindən danışıb.

- Fərid müəllim, GoldenPay-ın İdarə Heyətindən çıxmağınızdan artıq bir il ötür. Deyə bilərsinizmi, bu dövr ərzində hansı işlərlə məşğul idiniz və hazırda hansı layihələr üzərində çalışırsınız?

- Bütün bu müddət ərzində mən özümü daha çox Azərbaycanda qlobal potensialı olan startapların inkişafına həsr etmişəm. Layihələri dəstəkləmək üçün “TECHNOVATE” (www.technovate.az) inkubasiya mərkəzini yaratdım. Bütün layihələri birbaşa özüm seçirəm. Onlara sərmayə yatırıram, məsləhət verirəm və idarəçiliyində aktiv iştirak edirəm. Belə deyək, aktiv investoram. Pulu verib, işləri nəzarətsiz qoymuram.

Hazırda mərkəzdə dörd layihə “Spinal”, “Wooz”, “PowerB” və “WattBooster” təmsil olunub. Mən daha iki startapla danışıqlar aparıram və istərdim onları da “TECHNOVATE”-ə cəlb edim.
Paralel olaraq telekommunikasiya şirkətlərinin birində innovasiyalar üzrə baş müdir idim. İyul ayından ordan ayrıldım və özümü tamamilə startapların inkişafına həsr etməyə qərar verdim.

- Technovate inkubasiya mərkəzinə startupları hansı meyarla seçirsiniz?

- Mərkəzə startapların qəbul edilməsi üçün ilk ən vacib məqam, onların qlobal bazara yönümlü olmasıdır. İkinci vacib məqam startupın qurucusu və ya ixtiraçının özüdür. Bu mərhələdə onu icra edəcək adamdan, onun xasiyyətindən, işə münasibətindən çox şey asılıdır. İnsan hər hansı stabil işdə işləmək əvəzinə, özünü bu sahəyə həsr edirsə, gecə-gündüz demədən çalışacaqsa, inkişafa açıqdırsa, onda həmin adamla işləməyə dəyər. Konkret bu işə fokuslanmayan, min dənə başqa işlə məşğul olan adamın ideyası nə olur olsun, onunla əməkdaşlıq etmərəm. Əlbəttə ki, layihələr həm də mənim ürəyimcə olmalıdır.

- Startupa sizin kimi ən başlanğıc mərhələdə yatırım etmək yüksək riskli sayılır. Bu risk Sizi qorxutmur ki?

- Hər işin öz investoru var. Məsələn, mənə bir neçə il əvvəl Zaqatalada fındıq bağları olan torpaq sahəsi almaq təklif olunmuşdu. Çox ucuz qiymətə. Son dəfə bu yaxınlarda Zaqatalada olanda həmin yerin qiyməti ilə maraqlandım. Mənə təklif olunandan 10 dəfə daha baha idi. Gördüyünüz kimi, mən o vaxt sərmayə etmədim, o yeri almadım və itirdim. İndi bizim sahə də elədir. Sərmayəçilər adətən başı çıxmayan işə sərməyə qoymazlar. Dünyanın hər yerində startuplar yüksək riskli sayılır, çünki onların uğur faktoru çox amildən asılıdır. Amma bu işi başa düşəndə o riski hesablamaq və ona uyğun qərar vermək olur. Əlbəttə ki, həm də özünlə razılaşmalısan ki, yatırım edəcəyin hər startupın tutmayacaq. Bütün bunları anlayanda artıq risk etməkdən qorxmursan.

- Ölkənin startap ekosistemini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu ekosistem formalaşıbmı?

- Ölkəmizdə startup ekosistem yenicə yaranır. Qət edəcəyimiz yol uzundur. Ölkəmizdə yetərincə startuplarımız yoxdur, xüsusən də, qlobal potensialı olanlar. Qlobal layihələr adətən cəsarətli, qlobal dünyagörüşlü insanların ağlına gəlir. Ekosistemin digər önəmli hissəsi investorlardır. Azərbaycan hələ ki “mələk investorlar” yeni-yeni formalaşıb. Məsələn, “Technovate”dəki heç bir layihəm üçün Azərbaycandan investor tapa bilmədim. Bu layihələr artıq mələk yox, daha yüksək sərmayələr tələb edirlər. Bu rəqəmlərdə isə risk edən olmadı. Əlbəttə ki, ekosistemin önəmli hissələrindən olan texniki imkanlarda da qıtlıq var. Məsələn, bizə lazım olan materiallar, avadanlıqlar və texnologiya təəssüf ki, yoxdur. Başqa məsələlər də var. Ümumiyyətlə, ölkəmizdə startup ekosisteminin özünü yaratmaq elə özü bir startupdır və ya startup yanaşmasını tələb edir. Bütün bunlar bir-birindən asılı məsələlərdir. Birinə diqqət yetirib digərinə yetirməmək olmaz. Düzgün yanaşma və dövlətin dəstəyi ilə bəlli bir vaxta ölkəmizdə çox gözəl bir ekosistemin yaradılmasının mümkünlüyünə inanıram.

- Növbəti addımlarınız nədir?

- Qeyd etdiyim kimi, qlobal layihələri dəstəkləyə biləcək ekosistem lazımdır. Bu gün ölkəmizdə doğulmuş, təsisçiləri azərbaycanlı olan, amma başqa ekosistemlərdə böyüyən startuplar var. “WeTravel”, “Halalbooking”, “Keepface”, “Buglance” kimi startuplar bunlardan bir neçəsidir. İnkubasiya mərkəzimdəki startuplardan biri “Spinal” layihəsi də artıq başqa bir ekosistemin bir parçası olmağa hazırdır. Bu layihə ABŞ-da tibb üzrə ən güclü akseleratorlardan biri olan “Matter”ə qəbul olub.

Mən və layihənin digər təsisçisi Çikaqoya köçməyə hazırlaşırıq. İyul ayından artıq daha çox ABŞ-da yaşayacam. Bakıdakı layihələri uzaqdan idarə etməyi planlaşdırıram. Azərbaycan və Amerika ekosistemləri arasında körpü olmağa çalışacağam. Burda bir biznes imkanı görürəm. Qlobal potensiallı ölkəmizdəki ideyaları tapmaq, onların inkubasiyasını Bakıda “Technovate”də təşkil etmək və bundan sonra onları Amerikaya aparıb böyütmək istəyirəm. İşlər istədiyim kimi getsə, bunun üçün xaricdə ayrıca fond yaradaraq işləri ətraf ölkələrə də genişləndirməkdə maraqlıyam. Əlbəttə Avropa, Amerika, Çin, İsrail kimi olmasa da, məncə, bölgəmizdə əl dəyməmiş bir potensial var. Buralardan 3 ildən bir qlobal partlayış edə biləcək startup çıxarmaqda uğurlu ola bilsək, məncə, ölkəmizdəki startup ekosisteminə ciddi bir təkan vermiş olarıq.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR