Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan universitetlərində zəng sistemi ləğv olunsa...

Azərbaycan universitetlərində zəng sistemi ləğv olunsa...
Sakura

“Aləm qarışacaq”

Orta məktəbi “Son zəng” mərasimi ilə bitiririk. Dünyanın bir çox yerlərində orta məktəbdən sonrakı təhsil pillələrində bu zəng davam etmir, daha eşidilmir. Ölkəmizdə isə bu mənzərə fərqlidir. Universitetə ilk dəfə daxil olan tələbə zəng səsi eşidir və bunun “Son zəng” olmadığının fərqinə varır. Azərbaycandakı əksər univeristetlərdə zəng sistemi olsa da, barmaqla sayılacaq istisnalar var. Belə ki, aldığımız məlumata görə, “ADA” Universitetində, Azərbaycan-Fransız Universitetində və Xəzər Universitetində zəng sistemi yoxdur.  
Bəs bu universitetlərdə zəng sisteminin olmaması tələbə və müəllimlər üçün hansısa narahatlıq yaratmır ki? Ümumiyyətlə, bu sistem digər universitetlərdə də tətbiq oluna bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-la fikirlərini bölüşən Azərbaycan-Fransız Universitetinin  (UFAZ) direktoru Vazeh Əsgərov bildirib ki, dövlət universiteti kimi 2017-ci ilin sentyabr ayında  əsaslı təmir olunmuş tədris binasına keçdikdən sonra yeni sistemi tətbiq ediblər:
 

“Artıq 2-ci tədris ilidir ki, biz bunu tətbiq edirik və heç  bir narahatlıq da yoxdur. Əksinə, bir növ tələbələri və müəllimləri bioloji saatdan azad etmişik. İstər müəllimlər, istərsə də tələbələr hər bir dərsin başlama və bitmə vaxtını bilirlər. Əlbəttə ki, dərsi müəllim tənzimləyir, müəllim bilir ki, onun dərsinə nə qədər vaxt ayrılıb. Müəllimin fasilə verməsinə gəldikdə isə texniki fənlərdə 2 saat nəzərdə tutulmuş dərsin hamısını birdən-birə aparmaq tələbələr üçün ağır ola bilər. Bu baxımdan müəllimlər sərbəstdir, istəyirsə hər 45 dəqiqədən bir, istəyirsə də 50 dəqiqədən bir fasilə verilə verir. Bu tam müəllimin ixtiyarına buraxılır, bu vaxta qədər heç bir narazılıq olmayıb. Universitetdə eyni zamanda 3-cü və 4-cü qrup, SABAH qrupları da dərs keçir, onlar da çox razıdırlar. Zəngin  vururlmaması həm tələbələr, həm də müəllimlərin ürəyincədir”. 

Direktor deyib ki, o, xaricdə gördüyü bütün texniki məsələləri burada həyata keçirməyə çalışır:

“Mən Strasburqda oxuyub magistr və doktorluq dərəcəsi almışam. Orada zəng sistemi yox idi. Çalışırıq ki, yeniliklərlə tələbələrimizin qarşısına çıxaq. UFAZ-da Strasburq Universitetinin akademik qaydaları tətbiq olunur. Ona görə də yenilik birbaşa Fransa ilə, Fransa təhsil sistemi ilə bağlıdır”. 

Vazeh Əsgərovun sözlərinə görə, hər bir universitetin daxili nizam-intizam qaydaları var:
 

“Azərbaycan-Fransız Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərir. ADNSU-nun 10 mindən artıq tələbəsi var. Əlbəttə ki, bu sistemin birdən-birə 10 min tələbəyə və müəllimlərə şamil edilməsi asan bir iş deyil. Bizdə bu proses 400 tələbə və 50-dən artıq müəllimi əhatə edir. O baxımdan bunun idarə olunması və nəticələrin analiz olunması daha rahatdır.  Təzə qurulan universitet üçün bu yenilik asandı, nəinki, ənənəsi, tarixi olan universitetlərin birdən-birə bu sistemə keçməsi”.


Təhsil eksperti Etibar Əliyev
 bildirib ki, Azərbaycan cəmiyyəti uşaq vaxtından zəngə öyrəşib:


 

“Zəng vurulandan sonra uşaq neçə dəqiqə gecikdi, niyə gecikdi və s. məsələlər yaddaşımıza həkk olub. Orta məktəbdən başlayan bu adət ali məktəbə qədər davam edir. Əgər Qərb ölkələrini misal gətirsək, görərik ki, orada fərqli sistemdir. Bizi onlarla müqayisə etmək mümkün deyil. Sabah qərar çıxarılsa ki, universitetlərdə zəng sistemi ləğv olunur, o zaman tələbələri auditoriyalara yığmaq çətin olacaq. Bu, Qərb ölkələrində uzun illərin təcrübəsidir, ona görə də onlarda zəngə ehtiyac qalmır. Mən hesab edirəm ki, zəngin səsi tələbələri dərs prosesindən yayındırır. Hamı sanki həyəcanla zəng səsini gözləyir. Ancaq zəngin olmaması tələbələrdə və müəllimlərdə dərsə münasibəti dəyişə bilər”. 

Ekspert deyib ki, bu şüur məsələsi ilə bağlıdır:

“Fərqli-fərqli sistemlər olduğu üçün bir qədər gec adaptasiya olunur. Əgər tələbələrə imkan verilsə ki, istədiyi vaxt auditoriyaya daxil olsun, istədiyi vaxt çıxsın, bu çox böyük xaotik vəziyyət yarada bilər. Bu, bir neçə ali məktəbdə mümkündür, amma əksər ali məktəblərdə bunu tətbiq etmək çətindir. Bunun üçün yeni nizam-intizam qaydaları müəyyənləşdirmək lazımdır, onun üzərində işləmək lazımdır”. 

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov bildirib ki, Avropada, Amerikada universitetlərdə zəng sistemi yoxdur, çünki universiteti məktəbdən fərqləndirən əsas cəhətlərdən biri budur:

“Ola bilsin ki, şagirdlər üçün dərsin başlanmasını və bitməsini bildirən müəyyən bir siqnal lazımdır. Amma universitet tələbəsi müəyyən qədər yetişmiş insandır, ona görə də zəngə ehtiyac yoxdur. Müasir sistem elədir ki, dərsin başlama və bitmə vaxtı cədvəldə elan olunur, tələbə qeydiyyatdan keçərkən onun sistemində görünür. Ümumiyyətlə, Boloniya sisteminə görə, növbə sistemi aradan qalxır. Tələbə istəsə dərsini səhər növbəsində ala bilər, istərsə də axşam növbəsində. Ona görə də cədvəl də dəyişkəndir. Dərsin başlaması və bitməsinə dekanatlıq nəzarət etməlidir. Amma bunu bütün universiteti əhatə edəcək şəkildə səsli bəyən etmək düzgün deyil. Azərbaycanda da bir neçə universitetdə zəng sistemi ləğv edilib. Bakı Mühəndislər Universitetində zəng ləğv edilib və musiqi ilə əvəzlənib. Bu da tələbələrin dərslərə xoş əhval-ruhiyə ilə girməsinə təsir edir. Dünyanın bir çox universitetində dərsin başlaması auditoriyada elektron saatlar vasitəsilə göstərilir. Düşünürəm ki, bizdə də nə zamansa belə olacaq”.

E.Süleymanov deyib ki,  Amerikada və Avropada dərslərdə yoxlama olmur:

“Düşünürəm ki, bizdə yoxlama olmasa, qaib yazılmasa auditoriyada tələbələrin sayı çox az olar. Amma Amerika və Avropada vəziyyət fərqlidir, yoxlama olmasa da auditoriyalar dolu olur. Tələbə bilir ki, kifayət qədər təhsilhaqqı ödəyir və dərsə gəlib öyrənməlidir. Bizdə o sistemə keçmək üçün müəyyən vaxt lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR