Slimfit
  1. SİYASƏT

Azərbaycan Prezidenti: Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır

Azərbaycan Prezidenti: Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır
Sakura

Azərbaycan Prezidenti: Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə…

Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Konfransın ikinci hissəsində dörd panel təşkil olunacaq və bütün sahələri əhatə edən məsələlər, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər müzakirə ediləcək. Həm yerli icra orqanları, həm sahibkarlar mərkəzi icra orqanlarının nümayəndələri ilə birlikdə bu məsələləri müzakirə edəcəklər, mövcud problemlər haqqında danışacaqlar və əlbəttə ki, bu il görüləcək işlər haqqında da söhbət gedəcək. Elə etməliyik ki, proqramda nəzərdə tutulan bütün məsələlər öz həllini tapsın. 2020-ci ildə bəzi məsələlər bu yaxınlarda ortalığa çıxıb, onların da həlli üçün imkanlar olmalıdır. Dövlət İnvestisiya Proqramı təsdiq edilmişdir, kifayət qədər böyük proqramdır. Eyni zamanda, ki, onların da həlli vacibdir.

İndi isə görüləcək əsas işlər, layihələr haqqında demək istərdim ki, bu il də proqramın icrası və ümumiyyətlə, ölkəmizin inkişafı təmin edilsin. İlk növbədə, infrastruktur layihələrindən başlamaq istərdim. Baxmayaraq ki, bu sahədə böyük uğurlar əldə edildi, məsələlərin böyük hissəsi öz həllini tapdı. Ancaq həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, sənaye potensialı artır, yeni müəssisələr istifadəyə verilir. Ona görə müəyyən dərəcədə ehtiyatlar da vardır. Çünki il ərzində bəzi məsələlər ortalığa çıxır infrastruktur layihələrinin icrası bundan sonra da təmin edilməlidir.

Mən elektrik enerjisinin istehsalı ilə bağlı giriş sözümdə bəzi məlumatları verdim. Əlavə etmək istəyirəm ki, bu ilin yanvar ayında önəmli hadisə baş vermişdir. İki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalamışdır. Əslində, bu, icra müqaviləsi adlandırılır və il ərzində, bir neçə ay ərzində bu müqavilələr üzərində daha müfəssəl iş aparılacaqdır. Əminəm ki, bu ilin sonunda müvafiq kontraktlar da imzalanacaq. Bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki bu, sırf xarici sərmayə hesabına istehsal ediləcək bərpaolunan enerji növləridir. Əlbəttə ki, - mən bunu giriş sözümdə də demişəm, - əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar.

Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olmuşdur. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır.

Bununla paralel olaraq, “Azərenerji”nin xətti ilə bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq. Bu stansiyanın generasiya gücü təqribən 350-400 meqavat ətrafındadır. Buna ehtiyac var, tələbat var. Çünki qeyd etdiyim kimi, bizim ixrac imkanlarımız genişlənir, daxili tələbat getdikcə artacaq və daxili istehlak daim nəzərə alınmalıdır. Bizim hazırda 1000 meqavata yaxın generasiya gücümüz var ki, daxildə istifadə edilmir. Onun da böyük hissəsi ixrac olunur.

“Azərenerji”nin xətti ilə yeni külək elektrik stansiyasının tikintisinə də başlanılmalıdır. Bu yaxınlarda 50 meqavat gücündə bir stansiya istifadəyə verilmişdir. İkinci stansiyanın generasiya gücü 84 meqavatdır. Bu da Azərbaycanda bərpaolunan enerji növünün növbəti təzahürüdür. İndi dünyanın bir neçə ölkəsində buna oxşar layihələr icra edilir, xüsusilə təbii resurslarla zəngin olmayan ölkələrdə. Bizim isə siyasətimiz bundan ibarətdir, - baxmayaraq ki, neftimiz də, qazımız da var, - neftdən, qazdan qənaətlə istifadə etmək və daha çox ixraca yönəltmək üçün bərpaolunan enerji növlərindən istifadə etməliyik. Xüsusilə, nəzərə alsaq ki, Günəşimiz də, küləyimiz də boldur.

Eyni zamanda, Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq. Beş blok təmir olunub və bu da əlavə təqribən 400 meqavata yaxın generasiya gücü deməkdir. Ona görə biz yaxın iki-üç il ərzində böyük dərəcədə enerji gücümüzü artıracağıq. Bununla paralel olaraq, əlbəttə ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir.

Qazlaşdırmaya gəldikdə, baxmayaraq ki, artıq qeyd etdiyim kimi, biz 96 faizə çatmışıq, yenə də dövlət investisiya proqramında Azərbaycan Dövlət Neft Şirkətinə dövlət büdcəsindən qazlaşdırmaya 130 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitdən istifadə edərək bir çox kəndlər - bu gün hələ qaz almayan kəndlər qazlaşdırılacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR