Azərbaycan Prezidenti: Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində dirçəltdik və ən yüksək…
Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində dirçəltdik və ən yüksək nəticələrə çatdıq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə giriş nitqində deyib.
Dövlət başçısı bildirib: "Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir.
Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq.
Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq.
Suvarma tədbirləri. 100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı.
Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verildi. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparıldı. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilmişdir. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində büruzə verdi.
Əlbəttə ki, pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət