Azərbaycan Premyer Liqasında III tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
“Report” xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış qarşılaşması Qəbələdə olacaq. Burada şəhərin eyni adlı təmsilçisi “Sumqayıt”ı qonaq edəcək.
“Sumqayıt”la “Qəbələ” yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 3 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. Maraqlıdır ki, hər iki kollektiv “Neftçi”yə uduzub. Əvəzində, “qırmızı-qaralar” evdə “Səbail”i 3:0, sumqayıtlılar isə səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.
Bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da “Qəbələ”, cəmi 2-də “Sumqayıt” qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. “Gənclər şəhəri” təmsilçisi son 4 oyunda 3 xal qazana bilməyib.
Günün digər oyunu “Zirə” ilə debütant “Sabah” arasında olacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç "Dalğa Arena”da keçiriləcək. Bu kollektivlər də qonşu pillələrdə qərarlaşıblar. İlk turda “Keşlə”ni bir cavabsız qolla məğlub edib, ardınca “Sumqayıt”a uduzan “Sabah” 5-ci sıradadır. “Qarabağ”la oyunu təxirə salınan, evdə “Keşlə” ilə 2:2 hesabı ilə heç-heçə edən “Zirə” isə 6-cı pillədədir.
Qeyd edək ki, III tura avqustun 26-da keçiriləcək “Keşlə” – “Səbail” və “Qarabağ” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
III tur
25 avqust
18:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
20:30. "Zirə” – "Sabah”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət