Azərbaycan poloçuları Avropa çempionatına böyük hesablı qələbə ilə başladılar
Bu gün İtaliyanın Siyene şəhərində start götürmüş Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib.
Trend-in məlumatına görə, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığmamızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha çox fərqləniblər.
Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyunundan razı qalmasını bildirib.
Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı 30 sentyabr 2018-ci il tarixədək davam edəcək. Yarış təqviminə uyğun olaraq Azərbaycan yığma komandası 22 sentyabr tarixində Fransa, 26 sentyabr tarixində Slovakiya, 28 sentyabr tarixində İrlandiya yığmaları ilə görüşəcək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət