Azərbaycan Parlamentinin müstəqillik illərində qəbul etdiyi qanunların sayı açıqlanıb
“Azərbaycan Parlamenti tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı - mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla - 5992-yə yaxındır”.
“Report”un xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.
O qeyd edib ki, Azərbaycan parlamentarizminin zəngin və taleyüklü Heydər Əliyev dövrü bitdikdən sonra Milli Məclis öz fəaliyyətini zaman keçdikcə Azərbaycanın Konstitusiyası, qanunları, parlamentarizm ənənələrinə uyğun olaraq davam etdirib.
Z.Əsgərov bildirib ki, birinci çağırış Azərbaycan Milli Məclisinin fəaliyyəti üçüncü çağırışa qədərki dövrdə ölkə həyatında, dövlət quruculuğunda və qanunvericiliyin "sabitləşməsi”ndə vacib olan normativ hüquqi aktların, məcəllələrin, Konstitusiya qanunlarının qəbulu fonunda yadda qalıb: “I çağırış Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunub. 1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur”.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, parlament öz fəaliyyətində Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur, xalqın ona göstərdiyi etimadı bütün məsuliyyəti ilə doğrultmağa çalışır, Azərbaycan xalqının adını hər şeydən uca tutur: “Biz, 100 yaşlı Azərbaycan parlamentinin azad, güclü, müstəqil Azərbaycanımızın möhkəmləndirilməsi və inkişafı, onun müasir dünyanın əsas subyektlərindən birinə çevrilməsi istiqamətində öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini inamla deyə bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət