Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başa çatıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsinə dair illik əmrinə əsasən, hərbi qulluqçular arasında təşkil olunan növbəti səmti müəyyən etmə yarışları başa çatıb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək bacarıqlarını sınayaraq fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparıblar.
Yarışların yekunlarına əsasən keçirilən mükafatladırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev bu yarışların hərbi qulluqçuların fiziki cəhətdən möhkəm və güclü olmaları baxımından əhəmiyyətindən danışıb.
Yekun nəticələrə əsasən, Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsi ikinci, Beyləqan yığma komandası isə üçüncü yerə layiq görülüb.
Fərdi şəkildə qadın hərbi qulluqçular arasında əsgər Pərvanə Heydərova birinci, çavuş Məryəm Məhərrəmova ikinci, mayor Cəmilə İrəfiyeva üçüncü, kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kiçik çavuş Şabud Şabudov ikinci, gizir Sahil Həşimov üçüncü yerə layiq görülüblər.
Yarışın qalibləri fəxri fərman və medallarla təltif olunublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət