Azərbaycan nümayəndə heyətinin sonuncu qrupu III Yay Olimpiya Oyunları üçün Argentinaya yola düşü
Azərbaycan nümayəndə heyətinin sonuncu qrupu Yeniyetmələrin III Yay Olimpiya Oyunları üçün Argentinanın paytaxtı Buenos-Ayresə yola düşüb.
“Report” xəbər verir ki, heyətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri, idmançılar və digər şəxslər yer alıb.
Azərbaycan Oyunlarda 17 idmançı, ümumilikdə 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunacaq. İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis növlərində mübarizə aparacaqlar.
Cənubi Amerikada üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (qaçış 100 m) yarışacaq.
Oktyabrın 6-da keçiriləcək Açılış mərasimində öncəki Oyunlardan fərqli olaraq atletlərin paradı keçirilməyəcək. 206 ölkədən 4012 idmançının qatılacağı olimpiadada Kosovo və Cənubi Sudan ilk dəfə təmsil olunacaq.
Oyunların proqramına 4 idman növü əlavə olunub. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmədir. Yarışlarda iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildirlər və bu Oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənəcək.
Qeyd edək ki, Azərbaycan I Yay Olimpiya Oyunlarında 8 medalla (5 qızıl, 3 gümüş) komanda hesabında 11-ci, ikinci dəfə təşkil edilən Oyunlarda isə 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) 10-cu yeri tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət