“Azərbaycan” Nəşriyyatı özəlləşdirilir?
Bakının Yasamal rayonu, Mətbuat Prospekti ərazisində yerləşən, “Azərbaycan” Nəşriyyatının özəlləşdiriləcəyi, binanın tamam fərqli bir müəssisəyə çevriləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Əslində kifayət qədər köhnə siması ilə seçilən Nəşriyyatın bərpasının, hətta tamamilə başqa müəssisəyə çevrilməsinin tərəfdarı olanlar da az deyil.
Yayılan məlumatların nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Nəşriyyatın rəhbərliyi ilə əlaqə saxladıq. “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova Modern.az-a açıqlamasında belə bir plandan xəbərdar olmadığını söylədi.
Onun sözlərinə görə, nəşriyyatın özəlləşdiriləcəyi ilə bağlı söz-söhbətlər tez-tez yayılır:
“Halbuki, bununla bağlı heç bir məlumat yoxdur. Belə bir söz deyilməyib. Bəlkə də bu, günün tələbidir. Amma şayiələrin səbəbini bilmirəm”.
İsmayılova onu da qeyd edib ki, hələlik, Nəşriyyatın fəaliyyəti ilə bağlı heç bir yenilik yoxdur:
“Yeni texnologiya, yeni avadanlıq və s. alınarsa, hansısa yenilikdən danışmaq olar. Hələ elə bir şey yoxdur. Ona görə, nəşriyyat qiymətləri ilə bağlı da heç bir dəyişiklik olmayıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət