Azərbaycan-İran sərhədində atışma: Ölən var
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DXS) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dən bildirilib ki, dekabrın 7-si saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsizləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilib.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət