Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali tədris müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Mingəçevir şəhərinə olub.
Trend-in məlumatına görə, Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və İnstitutun əməkdaşları səfər çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) və Heydər Məscidində olublar.
C.Məmmədov Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevlə görüşüb. Rektor A.Hacıyev Universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib.
Həmçinin Aİİ ilə MDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.
Aİİ rəhbəri Mingəçevir Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edib, MDU ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini vurğulayıb.
Daha sonra Aİİ rektoru və İnstitutun əməkdaşları Heydər Məscidini ziyarət ediblər. İnstitut heyətinə məscid haqqında məlumat verilib. Heydər Məscidi 1998-ci ildə inşa edilərək istifadəyə verilib. İbadət ocağının 2 minarəsi, 3 yardımçı otağı və dəstəmazxanası mövcuddur. Həyətyanı sahəsi 1 hektar olan məsciddə eyni vaxtda 1500 nəfər ibadət edə bilər.
Məscidə Aİİ-nin mətbu orqanı “İlahiyyatçı” qəzeti, İnstitutun fəaliyyətini əks etdirən materiallar, “Qurani-Kərim”in Azərbaycan dilində tərcüməsi təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət