Azərbaycan əhalisinin barmaq izləri götürüləcək
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunu imzalayıb.
“Marja” xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
Daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat;
Dövlət daktiloskopik və genom qeydiyyatının məqsədi
Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.
Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:
- ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla);
- müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;
- sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
- mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
- şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
- cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;
- müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla);
- Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.
Qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Daha ətraflı qanunda:
Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
FƏSİL 1
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. dövlət daktiloskopik qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.2. daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat;
1.0.3. daktiloskopik məlumat bankı - maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusu;
1.0.4. dövlət genom qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;
1.0.5. genetik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (bundan sonra - DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumat;
1.0.6. bioloji material - aşkar olunmuş, insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri;
1.0.7. genetik identifikasiya - DNT Məlumat Bankına verilmiş bioloji materialın mənsub olduğu şəxsin, habelə bədən hissələrinin mənsubluğunun müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;
1.0.8. genetik verifikasiya - verilmiş bioloji material ilə DNT Məlumat Bankında olan məlumatın müqayisəsi üzrə tədbirlər;
1.0.9. DNT profili - insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verən, genetik identifikasiya və verifikasiya məqsədi ilə məlumat bankında toplanılan, saxlanılan, işlənilən və istifadə olunan fərdi məlumat;
1.0.10. DNT məlumat bankı - DNT profillərinin maddi daşıyıcılarda olan sistemləşdirilmiş məcmusu;
1.0.11. naməlum meyit - şəxsiyyəti müəyyənləşdirilməmiş ölü insanın bədəni (bədən hissələri).
Maddə 2. Dövlət daktiloskopik və genom qeydiyyatının məqsədi
Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.
Maddə 3. Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanunvericilik
3.1. Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
3.2. Daktiloskopik və genetik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla, onların toplanılması, işlənilməsi və mühafizəsi qaydaları, həmçinin “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
Maddə 4. Dövlət daktiloskopik və genom qeydiyyatının prinsipləri
4.1. Dövlət daktiloskopik və genom qeydiyyatı Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə müvafiq həyata keçirilir.
4.2. Dövlət daktiloskopik və genom qeydiyyatının aparılması, eləcə də daktiloskopik və genetik məlumatların toplanılması, işlənilməsi, istifadəsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.
FƏSİL 2
DÖVLƏT DAKTİLOSKOPİK QEYDİYYATININ APARILMASI
Maddə 5. Daktiloskopik məlumatlardan istifadə
5.0. Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:
5.0.1. itkin düşmüş şəxslərin axtarışı;
5.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi;
5.0.3. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;
5.0.4. cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması.
Maddə 6. Dövlət daktiloskopik qeydiyyatının növləri
Bu Qanuna müvafiq olaraq məcburi və ya könüllü dövlət daktiloskopik qeydiyyatı aparılır.
Maddə 7. Məcburi dövlət daktiloskopik qeydiyyatı
7.1. Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:
7.1.1. ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla);
7.1.2. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;
7.1.3. sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;
7.1.4. mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;
7.1.5. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
7.1.6. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;
7.1.7. müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla);
7.1.8. Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7.1.9. Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.
7.2. Naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
7.3. Məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
7.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
7.5. Bu Qanunun 7.4-cü maddəsinə uyğun olaraq göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:
7.5.1. məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
7.5.2. dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;
7.5.3. daktiloskopik məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.
Maddə 8. Könüllü dövlət daktiloskopik qeydiyyatı
8.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.
8.2. Şəxslərin könüllü dövlət daktiloskopik qeydiyyatı onların yazılı ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
8.3. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin yetkinlik yaşına çatmayanların dövlət daktiloskopik qeydiyyatı onların qanuni nümayəndələrinin yazılı ərizələri əsasında aparılır. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan əl barmaq izlərinin götürülməsi onların qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
8.4. Könüllü dövlət daktiloskopik qeydiyyatı aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.
Maddə 9. Daktiloskopik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri
9.1. Daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onların silinməməsini, itirilməməsini, təhrif olunmamasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməməsini təmin etməlidir.
9.2. Daktiloskopik məlumatların saxlanılması, uçotu, mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmin məlumatlardan istifadə isə bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanları tərəfindən bu Qanunun tələblərinə riayət etməklə həyata keçirilir.
9.3. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan dövlət orqanları xidməti konfidensiallıq rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 10. Daktiloskopik məlumatların saxlanılması müddətləri
10.0. Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:
10.0.1. bu Qanunun 7.1.1-7.1.4-cü və 7.1.6-7.1.9-cu maddələrində göstərilən şəxslər haqqında məlumatlar (bu Qanunun 11.2-ci maddəsində qeyd edilmiş hallar istisna olmaqla) onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək;
10.0.2. bu Qanunun 7.1.5-ci və 7.2-ci maddələrində göstərilən şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
Maddə 11. Daktiloskopik məlumatların məhv edilməsi
11.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onların saxlanılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti orqanı daktiloskopik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verir.
11.2. Bu Qanunun 7.1.6-cı maddəsində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar həmin şəxslər barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir.
11.3. Məcburi dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar bu Qanunun 10-cu maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilir.
FƏSİL 3
DÖVLƏT GENOM QEYDİYYATININ APARILMASI
Maddə 12. Genetik məlumatlardan istifadə
12.0. Dövlət genom qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:
12.0.1. itkin düşmüş şəxslərin axtarışı;
12.0.2. naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi;
12.0.3. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;
12.0.4. cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması;
12.0.5. qohumluq əlaqələrinin qiymətləndirilməsi.
Maddə 13. Dövlət genom qeydiyyatının növləri
Bu Qanuna müvafiq olaraq məcburi və ya könüllü dövlət genom qeydiyyatı aparılır.
Maddə 14. Məcburi dövlət genom qeydiyyatı
14.1. Aşağıdakı şəxslər məcburi dövlət genom qeydiyyatından keçirilir:
14.1.1. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər;
14.1.2. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər;
14.1.3. xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad).
14.2. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.
14.3. Bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan şəxslərdən və naməlum meyitlərdən bioloji material müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
14.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunmuş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.
14.5. Bu Qanunun 14.4-cü maddəsinə uyğun olaraq göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunmalıdır:
14.5.1. məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;
14.5.2. genom qeydiyyatının aparılmasının əsası və tarixi;
14.5.3. bioloji materialı götürmüş və məlumatı hazırlamış müvafiq icra hakimiyyəti orqanının adı.
14.6. DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 15. Könüllü dövlət genom qeydiyyatı
15.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü dövlət genom qeydiyyatından keçmək hüququna malikdirlər.
15.2. Şəxslərin könüllü dövlət genom qeydiyyatı onların yazılı ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
15.3. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarının, həmçinin yetkinlik yaşına çatmayanların dövlət genom qeydiyyatı onların qanuni nümayəndələrinin yazılı ərizələri əsasında aparılır. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji materialın götürülməsi onların qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
15.4. Könüllü dövlət genom qeydiyyatı aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.
Maddə 16. Genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri
16.1. Genetik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onların silinməməsini, itirilməməsini, təhrif olunmamasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməməsini təmin etməlidir.
16.2. Genetik məlumatların saxlanılması, uçotu, mühafizəsi və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmin məlumatlardan istifadə isə bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan dövlət orqanları tərəfindən bu Qanunun tələblərinə riayət etməklə həyata keçirilir.
16.3. Bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan dövlət orqanları xidməti konfidensiallıq rejimində genetik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 17. Genetik məlumatların saxlanılması müddətləri
17.0. DNT Məlumat Bankında əksini tapmış genetik məlumatlar aşağıdakı müddətdə saxlanılır:
17.0.1. bu Qanunun 14.1.1-ci maddəsində göstərilən şəxslər haqqında məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək;
17.0.2. bu Qanunun 14.1.3-cü maddəsində göstərilən şəxslər haqqında məlumatlar xəbərsiz itkin düşmüş şəxsin doğum tarixindən 100 il müddətində və ya həmin şəxslər tapılanadək;
17.0.3. bu Qanunun 14.1.2-ci və 14.2-ci maddələrində göstərilən şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla).
Maddə 18. Genetik məlumatların məhv edilməsi
18.1. Könüllü dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar onun saxlanılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir. Müvafiq icra hakimiyyəti orqanı genetik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verir.
18.2. Məcburi dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar bu Qanunun 17-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilir.
FƏSİL 4
YEKUN MÜDDƏALAR
Maddə 19. Daktiloskopik və genetik məlumatlardan istifadə hüququ
19.1. Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər.
19.2. Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər.
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
20.1. Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
20.2. Dövlət daktiloskopik və genom qeydiyyatını aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarından, hərəkət və (və ya) hərəkətsizliyindən inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
Maddə 21. Qanunun qüvvəyə minməsi
21.1. Bu Qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
21.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 147; 2009, № 12, maddə 956; 2015, № 10, maddə 1105) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2018-ci il.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət