Azərbaycan dilində yüzlərlə audiokitabın ilk mobil tətbiqi təqdim edildi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Audiokitab” layihəsinin yaradıcıları ilə kütləvi informasiya vasitələrinin görüşü keçirilib.
Oxu.Az-ın məlumatına görə, layihənin təqdimatında məqsəd yenicə yaranmış “Audiokitab”ın fəaliyyəti haqqında mətbuat işçilərinə ətraflı məlumat çatdırmaq olub.
Tədbirdə bildirilib ki, “Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan, eyni zamanda, dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən layihədir.
Layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov layihənin yaranması, məqsədi, əhatə dairəsi haqqında çıxış edib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi maarifləndirmə, dünyada yaşayan soydaşlarımızın ədəbiyyatımız və tariximizlə daha yaxından tanış olmasıdır:
“Bu Azərbaycanda ilk dəfə həyata keçirilən layihədir. 2015-ci ilin mart ayının 18-dən “Audiokitab”ın yazılışına başlamışıq. Bu günə kimi 700 adda kitab yazmışıq. Artıq onlardan 400-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirilib. Artıq bir neçə gündür ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır, səslənir.
Burada bütün klassiklərimizin əsərləri, şifahi xalq ədəbiyyatı, nağıllar, dastanlar, folklor nümunələri, kiçik yaşlı uşaqların, ümumtəhsil məktəblilərinin, eyni zamanda, kitab oxumaq üçün vaxt azlığını nəzərə alaraq, universitet tələbələrinin dünya ədəbiyyatı ilə və öz ədəbiyyatımızdan bəhrələnmələri üçün kitablar səsləndirilib və bu, işimizin əsas hədəfidir”.
Layihədə klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapıb.
Həsən Həsənov bildirib ki, müasir dünya klassiklərinin də əsərləri səsləndirilib:
“Hazırda səsləndirmə davam etdirilir. Tarixə aid 30-a yaxın canlı mühazirə oxunub. Qafqazda yaşayan türkdilli xalqların tarixi rus dilində səsləndirilib. Orada yaşayanlar üçün öz tarixini bilməyə, öyrənməyə gözəl vasitədir. Yeniliklər davam edir. Uzunmüddətli prosesdir”.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də bu layihə haqqında öz fikirlərini jurnalistlərlə bölüşüb:
“Azərbaycanda mütaliəni gücləndirmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Bu layihələrdən biri olan və ölkəmizdə ilk hazırlanan “Audiokitab” layihəsidir. Artıq dünyada yaşayan soydaşlarımız öz ədəbiyyatımız və tariximizlə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Yeni sahədir. Ümid edirəm ki, layihə daha geniş şəkildə davam etdiriləcək. Yaradıcı təşkilatın rəhbərliyi çox ağır bir yükün altına giriblər. Bu sahədə boşluqlar var. Biz layihə ilə bağlı yardım etməyə hazırıq”.
Həsən Həsənov layihə barədə geniş məlumat verdikdən sonra sözü AMEA-nı elmi işçisi professor İlham Həsənova verib.
Professor “Audiokitab”da səsləndirdiyi Azərbaycan tarixi haqqındakı mühazirədən danışıb:
“Bu layihənin önəmi çoxdur. İstənilən oxucu üçün Azərbaycan tarixinin, xalqının qonşu xalqlarla münasibətlərinin tarixini öyrənmək istəyən adamlar üçün son dərəcə zəruri materiallar təqdim edilib. Birinci mühazirəni Azərbaycanın etnik formalaşması tarixinə həsr etmişəm.
Bu, Azərbaycan xalqının tarixindən danışmaq üçün bir dayaq nöqtəsidir. Çalışmışam ki, tarixi proses sadə dillə dinləyicilərə çatdırılsın. Arzu edərdim ki, tək Azərbaycan tarixi barədə yox, dünyada 24 dialektdə danışan xalqlar barədə mühazirələr söylənilsin və insanlar bundan xəbərdar olsun.
Biz azərbaycanlılar ümumdünya türk düşüncəsinin mərkəzindəyik. Tariximiz həm ümumdünya, həm türkdilli xalqların fonunda təqdim edilsin. Bunun üçün sistem genişləndirilməlidir”.
Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tariximizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə Azərbaycan dilində çatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir.
Sonra layihənin yaradıcı heyətindən aktrisa Vüsalə Məmmədzadə bildirib ki, kitab səsləndirmək çətin və məsuliyyətli işdir:
“Hər bir əsərin öz həssaslığı, dili var. Bir çox obrazların timsalında bir səslə onu çatdırmaq çətindir. Bu günə qədər səsləndirdiyim 70-ə yaxın əsərlər müxtəlif janrlarda olub. İstəyirik, insanlar kitabı sevsinlər, dinləsinlər”.
Daha sonra “Safaroff” şirkətinin təsisçisi Çingiz Səfərov bu layihənin texniki tərəfləri haqında geniş məlumat verib:
“İlk dəfə ölkəmizdə “Audiokitab”a tətbiq edilən bu proqramı müəyyən çətinliklərə baxmayaraq, altı ay ərzində böyük zəhmətdən sonra ərsəyə gətirə bildik. Bu gün rahatlıqla soydaşlarımız İOS və PlayMarketdən bu proqramı yükləyib audiokitablara qulaq asa bilərlər.
Bu kitabları internet olmadan da dinləyə bilərsiniz. 600-dən çox kitab var. Maraqlı kampaniyalar planlaşdırılır. Əsas hədəfimiz odur ki, istifadəçilərimiz bu mobil tətbiqetməni rahatlıqla istifadə etsinlər”.
Redaktor Fərid Nəsibov bildirib ki, layihə çox maraqlıdır:
“Bu layihəyə 2016-cı ildə redaktor kimi təklif aldım. Əvvəlcə ehtiyat etdim, amma iki il ərzində böyük praktika qazandım. 280-dən çox kitab oxuyub, dinləmişəm. Layihənin uzunmüddətli olacağına inanıram”.
Yaradıcı heyətdən aktyor Əhliman Ərşadlı “Audiokitab”dakı fəaliyyətləri haqında mediaya məlumat verib:
“Bu layihənin uğurlu olacağına inanıram və dinləyicilərin razı qalacaqlarına əminəm. 100-ə yaxın kitab səsləndirmişəm. Biz böyük bir komanda şəklində çalışıb, bu layihəni ərsəyə gətirmişik. Millətimiz layihədən rahat şəkildə faydalana biləcəklər”.
Bu kitab uzunmüddətli layihə olduğu üçün 50 nəfər gənc yazıçının əsərləri oxunub.
Layihə çərçivəsində səsləndirilmiş materiallarla www.audiokitab.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət