Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək

Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək
Sakura

Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı poeziyasevərləri bir araya gətirəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan daha bir möhtəşəm söz-sənət bayramına ev sahibliyi edəcək. Bu dəfə söz sərrafları və musiqi biliciləri sentyabrın 27-dən 30-dək Azərbaycanda Nəsimi poeziyasının işığına toplaşacaqlar. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün davam edəcək möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ciddi hazırlıq işləri gedir. Bu ərəfədə AZƏRTAC-ın müxbiri festivalın əlaqələndiricisi, əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla görüşüb və onun dediklərini oxucularla bölüşür.

Festivalın ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur

Cahangir Səlimxanov deyib ki, filosof ruhlu şairin adını daşıyan festivalın cəmiyyətə verəcəyi mesaj çoxşaxəlidir. Festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli Azərbaycan poeziyasının banilərindən biri olan İmadəddin Nəsiminin adını daşıyan festivala 4 aydan çox müddətdə hazırlaşdıqlarını söyləyən C.Səlimxanov qeyd edib ki, Nəsimi sufiliyin hürufi qolunun fəlsəfəsini təbliğ edən lirik və mistik seirlərin müəllifidir. Onun poeziyasınin əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. Nəsimi yaradıcılığı sufi-hürufi fəlsəfəsini məcazi mənada və alleqorik formada təbliğ etməklə, insanın dünya və kainatla vəhdətini göstərir, ruhun kamilləşməsinə aparan yolları izah edir. Şair əsərlərində ilahi məhəbbətdən ilham alaraq, özünü və ilahini dərk etmiş, ruhən yüksəlmiş Bəşər övladını tərənnüm edir. 2017-ci ildə Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Simadan Asimana”

Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik düha kimi dünyagörüşü tərənnüm ediləcək. Həm də festival boyu dahi şairin bu gün yaşasaydı, onu hansı mənəvi problemlər, mənəvi axtarışlar düşündürərdi sualına cavab tapmağa çalışacağıq. Buna görə də bu festival təkcə keçmişə yox, həm də gələcəyə ünvanlanıb. Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında məzmunca çox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var - “Simadan asimana” və “Zərrə mənəm, günəş mənəm”.

“Şövq məqamları”

Festivalla bağlı məlumat verən C.Səlimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Bu tədbirlərdən biri İçərişəhərdə olacaq. Bu, bir neçə kiçik təbirlərdən ibarət böyük layihədir. Layihə “Şövq məqamları” adlanır. İçərişəhərdə müxtəlif məkanlarda hər kəs Nəsimi poeziyası ilə rastlaşacaq. Bunun üçün müasir texnologiyanın imkanlarından istifadə ediləcək. Bu mobil tətbiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanacaq. 

Bundan başqa, festival günlərində bir neçə rəssamın əsərləri, instalyasiyaları, video, elektron işləri nümayiş olunacaq. Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” poeziya birliyi ilə birgə söz adamları tərəfindən Nəsiminin qəzəllərinə, tuyuqlarına nəzirələrin, təxmislərin yazılması nəzərdə tutulub. O vaxtlar belə ənənə vardı və biz bunu bir növ bərpa edirik. Biz onları qeyri-adi tərzdə təqdim etməyi düşünürük. Yaxud Səlim Babullaoğlunun şeirlərini şəkil formasında, qrafik işi kimi təqdim edəcək “Viziual poeziya” layihəsi var. Göründüyü kimi, bütün bunlar şeiriyyətlə bağlıdır. Bundan başqa, gənc şairə Nərminə Məmmədzadə də videolayihə hazırlayıb.

Fransanın məşhur musiqi qrupu - “Sükutun keşişçiləri” Şamaxıda çıxış edəcək

Festival günlərində filosof şairin dünyaya göz açdığı qədim Şamaxı şəhərinin tarixi yerləri ziyarət olunacaq və Nəsimi heykəli önündə tədbir keçiriləcək. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən XVII əsr Avropa səyyahlarının nadir, orijinal qravüraları tapılaraq ölkəmizə gətirilib. Şamaxının 1681-1696-cı illərə aid olan və üç ayrı-ayrı müəllifə məxsus təsvirləri Fond tərəfindən rayon Diyarşünaslıq Muzeyinə hədiyyə olunacaq. 

Sonra Şamaxı rayonunun Meysəri kəndində “Söz” layihəsi çərçivəsində Nəsimiyə həsr edilmiş şeir müsabiqəsinin finalçılarının şeirləri səsləndiriləcək və tədbir muğam ifaçılarının çıxışı ilə daha da rəngarəngləşəcək. Eyni zamanda, “Həssas Dəb – Etik Dizayn Məntəqəsi” açılacaq və modelyerlərin işlərinin satışı təşkil ediləcək. Bütün bunların gələcəkdə turizmin inkişafına töhfə verəcəyini düşünürük. Həmçinin burada Fransanın məşhur musiqi qrupu - “Le Gardiens du Silence” (“Sükutun keşişçiləri”) geniş konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında isə “Ulduzlar önündə” adlı musiqi proqramı təqdim olunacaq.

Heydər Əliyev Mərkəzində “77 milyon rəsm” adlı sərgi açılacaq

Festival çərçivəsində ADA Universitetində müəllim və tələbələrlə görüş keçiriləcəyini söyləyən əməkdar incəsənət xadimi deyib ki, eyni zamanda, Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunan qədim xalçalar nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzində Mixael Hessinin “Nəsimi dühası müasir kontekslərdə” mövzusunda mühazirəsi dinləniləcək. Həmçinin müxtəlif ölkələri təmsil edən rəssamların “Live Life”, “Hürufiyyə”, “77 milyon rəsm” adlı sərgiləri açılacaq. Kamera və Orqan Musiqi salonunda da “Silsilə” musiqi layihəsi təqdim olunacaq.

Festivalda 6 müxtəlif ölkədən və Azərbaycandan qatılan rəssamlar divar üzərində rəsmlər çəkəcəklər. Belə ki, Qaladaki anbarda “Açılan Divar” Urban/Community Art layihəsi reallaşacaq. Bu tikili rəssamların ixtiyarına veriləcək və onlar buranı yeni bir məkana çevirəcəklər.

Qalada “Daşda həkk olunmuş musiqi” və “Tullantıdan- Sənətə” adlı incəsənət simpoziumları

Cahangir Səlimxanov deyib ki, bu günlərdə şəhərimizin qonaqları və paytaxt sakinləri bir-birindən maraqlı tədbirlərin şahidi olacaqlar. İçərişəhər ərazisində “Qız Qalası” İncəsənət festivalı, Qalada “Daşda həkk olunmuş musiqi” və “Tullantıdan- Sənətə” adlı incəsənət simpoziumları, Alov Qüllələri üzərində sənət əsərləri, Heydər Əliyev Mərkəzində Nandan Qautam ilə bədii yoqa məşğələsi, Azərbaycan Marionet Teatrında UrbanNomadMixesin poeziya tamaşası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolitio”, pyes oxunuşu (müəllifi Leyla Bəyim), Şirvanşahlar Sarayının qarşısındakı meydançada “Yeddi gündən” adlı canlı yayımlanan tamaşa və digər tədbirlər keçiriləcək. “Daş Salnamə” Muzeyində “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” mövzusunda Ceremi Rifkinin canlı videomühazirəsi, “Bahariyyə” musiqi tamaşası, “Qala” Arxeoloji-Tarixi qoruğunda Recycling Orchestranın konserti və bir-birini tamamlayan digər tədbirlər festivala qatılan hər bir iştirakçının zövqünü oxşayacaq.

Festivalın əlaqələndiricisi deyib ki, bu söz və musiqi bayramına, həmçinin dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçılar qatılacaq və onlar Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.

Həmsöhbətimizin sözlərinə görə, festivala “Söz” layihəsi çərçivəsində Nəsimiyə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi ilə yekun vurulacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR